"Sovet sisteminə əvvəlki nəslin baxışı fərqli olub. Qərbi ədalətli, demokratik bir prinsip hesab edirdik. Sonra aydın oldu ki, qərb ölkələri nə qədər demokratik olsa da, onların da öz prinsipləri var". SİA-nın məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bilik Fondunda tələbələrlə görüşü zamanı çıxışında deyib. O, bildirib ki, Qərb seçki məsələsinə öz prizmasından yanaşıb. Burada əsas məsələ ölkənin demokratik seçki keçirməsi deyil, o ölkəyə hansı standartlardan yanaşılmasıdır: "Günümüzdə qərb ölkələri digər ölkələrin daxili siyasətinə müdaxilə etmək üçün seçkilərdən istifadə edirlər. Təcrübə göstərir ki, hazırda dünyada demokratiyanın göstəricisi seçkilərdir. Təəssüf ki, seçki məsələsində ədalət ortaya qoyulmur. Sadəcə standartlar dəyişir. Demokratiyanın heç bir ölkənin daxili işi olmadığı məntiqindən çıxış edirlər və bu məntiqlə də razılaşmamaq olmur. Əks halda, Şimali Koreya kimi ölkələrdən söhbət getmir. Demokratiyanın ən əsas göstəricisi də seçkilərdir. Əfsuslar olsun ki, bu prosesdə də müəyyən söz sahibi olanlar var və mütləq həqiqəti ortaya qoymaq mümkün deyil. Məsələn, Azərbaycanda və başqa bir ölkədə seçki keçirilir, Azərbaycanda seçki daha yaxşı keçirilsə də, digər ölkədə seçkilərin daha yaxşı keçirildiyini bildirirlər. Düzdür, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da seçkilərdə müəyyən çatışmazlıqlar ola bilər. Lakin indiyədək heç bir beynəlxalq təşkilat Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərinin nəticələrini şübhə altına almayıb".
MSK sədri seçki məsələsində vətəndaşların həssas olmasından danışaraq, Böyük Britaniya ilə ölkəmiz arasında seçki prosesindən danışıb: "Azərbaycanda hansısa məntəqəyə gələn ailə üzvlərinin şəxsiyyət vəsiqəsi bir nəfərdə olursa, bu qanun pozuntusudur. Yaxud rayon və kəndlərdə seçki məntəqələrinə gələn şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edəndə buna normal yanaşırdılar. İndi belə deyil. Ancaq elə ölkələr var ki, məsələn, İngiltərədə seçki zamanı vətəndaşlardan şəxsiyyət vəsiqəsi istəmirlər, deyirlər ki, vətəndaş yalan danışmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB