MSK sədri Bilik Fondunda olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə yerli özünüidarəetmə orqanlarına seçki proseduru haqqında məlumat verilib, Bilik Fondunun bu sahədə əhali arasında aparacağı maarifləndirici tədbirlər müzakirə olunub. Tədbirdə Bilik Fondunun və Mərkəzi Seçki Komissiyasının əməkdaşları, tələbə könüllüləri, media nümayəndələri iştirak edib.

MSK sədri çıxışı zamanı vurğulayıb ki, ölkəmizdə yerli özünüidarəetmə institutlarının mövcud olduğu 15 il ərzində zəngin təcrübə qazanılıb. Bələdiyyələrin cəmiyyət həyatındakı rolu ilbəil daha da artıb. İlin sonlarında bələdiyyələrin səlahiyyət müddəti başa çatır. Buna görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməli və respublika üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Məzahir Pənahov tədbirin sonunda tələbələrin suallarını cavablandırıb.

Qeyd edək ki, oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının növbəti iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə