Birgə əməkdaşlığa dair müqavilə imzalanıb FOTOLAR

Birgə əməkdaşlığa dair müqavilə imzalanıb FOTOLAR

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və Şuranın İdarə Heyətinin üzvü, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov sentyabr ayının 8-dən 12-ə qədər Moskva şəhərində Rusiya Elmlər Akademiyasının (REA) Gənc Alimlər Şurası ilə görüşüb. AMEA-dan SİA-ya verilən məlumata görə, görüşün məqsədi GAMŞ-ın beynəlxalq əlaqələrini genişləndirmək çərçivəsində REA-nın Gənc Alimlər Şurası ilə gələcək müştərək elmi-ictimai fəaliyyətlə əlaqədar müzakirələrin aparılması və bu ilin oktyabr ayında ölkəmizdə ikitərəfli əməkdaşlığa dair müqavilənin bağlanmasında ümumi razılığın əldə edilməsilə bağlı olub.

Bu məsələ ilə əlaqədar, REA Gənc Alim və Mütəxəssislər Şurasının nümayəndə heyəti də öz növbəsində 14 oktyabr tarixində Bakıya gəlib və hər iki birliyin müştərək elmi-ictimai fəaliyyətinin bərqərar olunmasının təmininə dair geniş müzakirələr aparıblar. Beynəlxalq əməkdaşlığa dair bütün məsələlər dəqiqləşdirildikdən sonra nəhayət ki, 16 oktyabr tarixində tərəflər müqavilə imzalamaq üçün bir araya gəliblər.

İkitərəfli görüşdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Rusiya elm məktəbinin ənənələrindən danışaraq hər iki tərəf arasında olan tarixi bağlılığı xüsusi qeyd edib. Yeni təsis olunmuş Şuranın gördüyü işlərdən, AMEA rəhbərliyinin Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurası ilə əməkdaşlığın yeni məcrada davam etdirilməsi perspektivlərinə verdiyi önəmi xüsusi vurğulayan F. Samanov bununla bağlı nəzərdə tutulan elmi-ictimai əməkdaşlığın istər Azərbaycan və istərsə də Rusiya gənc alim və tədqiqatçıların hərtərəfli inkişafına verə biləcəyi töhfələrin əhəmiyyəti haqqında məlumat da verib. Təmsil etdiyi Şuranın müqavilədə qeyd olunan müddəalar üzrə istənilən layihənin həyata keçirilməsinə hazır olduqlarını vurğulayıb.

REA Gənc Alimlər Şurasının nümayəndə heyətinin rəhbəri Aleksandr Fedotov Bakıya səfərinin gənc alim və mütəxəssislərin 1-ci Beynəlxalq Konfransı ilə üst-üstə düşməsindən xüsusi məmuniyyətini qeyd edərək təşkilatçılığla bağlı təəssüratlarının geniş olduğunu vurgulayıb. Bakıda Gənc Alim və Mütəxəssislər Şurasının belə böyük statusa malik bir elmi tədbirin keçirməsi məsələsini yüksək qiymətləndirdiklərinə, Azərbaycan gənclərinin elmə marağına və həmkarlarına qarşı isti münasibətinə dair fikirlərini bölüşüb. O, da hər iki ölkənin tarixi müttəfiqliyinə toxunaraq müasir dövrdə dünya elminə inteqrasiya hədəflərində şərikli elmi fəaliyyətin rolunu və bu aspektdən böyük elm ənənəsi olan Rusiya-Azərbaycan elmi gəncliyinin müştərək fəaliyyətinin təşkilinin aktuallığı üzrəində geniş danışıb.

Sonda tərəflər birgə əməkdaşlığa dair müqavilə imzalayıblar.

Günün ikinci yarısında Gənc Alim və Mütəxəssislər Şurası Türkiyə Elmlər Akademiyasının (TEA) Gənc Alimlər Şurasının nümayəndə heyəti ilə də görüşüblər. Görüşün məqsədi yuxarıda qeyd olunan əməkdaşlığın Turkiyə Gənc Alimlər Şurası ilə də təmin olunmasıdır. TEA tərəfindən nümayəndə heyətinə Türkiyə Gənc Alimlər Şurasının sədri, dr. prof. Yusif Baran rəhbərlik etmişdir. İlkin müzakirələr mühitində keçən görüşdə hər iki ölkənin gənc elm adamları gələcəkdə analoji sazişin qardaş Türkiyə Elmlər Akademiyasının Gənc Alimlər Şurası ilə də bağlanmasına dair razılaşmaya nail oldular.

Bütün xəbərlər Facebook səhifəmizdə