"Bəyannamə İƏT-lə Azərbaycan əlaqələrini daha da möhkəmləndirəcək"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova BMT baş katibinin köməkçisi və BMT-nin qadınlar təşkilatının (UN Women) icraçı direktorunun müavini xanım Lakşmi Puri ilə görüşüb. SİA-nın xəbərinə görə, Hicran Hüseynova Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransda iştirakına və Azərbaycanda həyata keçirilən qadın siyasətini yüksək qiymətləndirdiyinə görə qonağa təşəkkürünü bildirib.
Komitə sədri məlumat verib ki, Azərbaycan müxtəlif istiqamətləri əhatə edən beynəlxalq tədbirlərə ev sahibliyi edir və Şərqlə Qərbin arasında bir körpü rolunu oynayır: "Keçirilmiş bütün tədbirlərdə gender məsələləri öz əksini tapır. Azərbaycanda qadınların həyat şəraitinin yaxşılaşdırılması, onların müxtəlif sahələrdə rolunun daha da artırılması dövlətin prioritet məsələlərindən biridir. Ölkəmizdə qəbul olunan qanunlar, dövlət proqramlarında qadın komponenti mütləq nəzərə alınır".
Daha sonra söz alan Lakşmi Puri bildirib ki, İƏT üzv ölkələrində müəyyən sahələrdə qadınların problemləri hələ də tam həllini tapmayıb. Bu istiqamətdə islahatlar aparılmasına cəhd olunması isə bəzən yalnış təəssürat yaradır. Bizim məqsədimiz islamda qadınlara verilən dəyəri geri qaytarmaq və cəmiyyətə aşılamaqdır. Konfransda qəbul edilmiş Bakı Bəyannaməsinin əhəmiyyətinə toxunan L.Puri Bəyannamənin qarşıya qoyulan məqsədlərə çatmaq və İƏT-lə Azərbaycanın əlaqələrinin daha da möhkəmləndirilməsinə rəvac verəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB