Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi artıb

Lənkəran-Lerik yolunda sürüşmə aktivliyi artıb

Son günlər cənub bölgəsinə düşən intensiv yağıntı Lənkəran-Lerik yolunda sürüşmə aktivliyini artırıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, küləklə müşahidə olunan yağan güclü yağış nəticəsəsində Lənkəran-Lerik yolunun 17-18 və 20-22-ci km-də torpaq sürüşməsi baş verib. Ən təhlükəli vəziyyət isə Lerik rayonun Piran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yoldan keçən sürücülərin sözlərinə görə, gecə saat 3:00 radələrində kənd ərazisində baş verən sürüşmə magistral yolun qismən bağlanmasına səbəb olsa da, bu uzun çəkməyib. Lerik 43 saylı yol-istismar idarəsinin əməkdaşları və kənd sakinlərinin köməkliyi ilə yolda itensiv hərəkət bərpa edilib.

Magistral yolun 15-dən artıq hissəsində yol sürüşməyə məruz qalıb. Yağıntının bir neçə gün davam edəcəyi təqdirdə yeni sürüşmə zonalarının yaranması istisna edilmir. Həmçinin yolun 17-18-ci km-də mütəmadi olaraq baş verən torpaq sürüşməsi yoldan istifadə edən sürücülərin işini də çətinləşdirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometroloji müəssisəsindən verilən məlumata görə, düşən yağıntı aylıq norma daxilindədir. Ən çox yağıntı Lənkəran və Astara rayonları ərazisinə düşüb. Lənkəranda yağıntının miqdarı 45,1 Astarada 64,8 mm təşkil edib. Çaylarda suyun səviyyəsi 168 sm çatıb. Lerikin dəniz səviyəsindən 1500 m yüksəklikdə yerləşən ucqar dağlıq ərazilərinə Kəlvəz və Rvarud kənlərinə 18-28 sm qar düşüb. Yağıntının ayın 21-nə kimi,davam edəcəyi gözlənilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə