Bakı Bəyənnaməsi qəbul edildi

Bakıda "İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfrans davam edir. SİA-nın xəbərinə görə, tədbirin ikinci günü "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə qadınların səlahiyyətlərinin artırılması" layihəsi üzrə UNDP- Türkiyə təqdimatları olub.

Eyni zamanda, İslam ölkələri üçün statistik, iqtisadi, sosial tədqiqat və təlim Mərkəzinin İƏT üzv dövlətlərin qadınlara baxışına dair təqdimatı keçirilib.

Tədbirdə vurğulanıb ki, bəzi İƏT üzv dövlətlərində qadınların səhiyyə, təhsil sahəsində problemləri hələ də qalmaqdadır və bu sahədə ciddi islahatlara ehtiyac var. Əlbəttə qadınların şəraitinin yaxşılaşdırılması, müxtəlif sahələrdə iştirakının təmin olunması sahəsində İƏT-ə üzv ölkələrdə xeyli irəliləyişə nail olunub. Amma bu kifayət deyil. Qadınların inkişafının təminatı üçün onların təhsilə cəlb edilməsi əsas məsələlərdən biridir. Bu qadınlarının özünü yetişdirməsi, işlə təmin olunması, həyatın müxtəlif sahələrində fəallıqlarının artırılmasına öz töhfəsini verəcək. Gənc qızların məktəblərə cəlb edilməsində Türkiyənin təcrübəsindən istifadə etmək olar. Qadınların inkişafına maneə yaradan əsas məsələlərdən biri də erkən nikahlardır. Təəssüf ki, İƏT üzv dövlətlərində bu sahədə istənilən nailiyyət əldə edilməyib. Qadınların iqtisadi azadlıqlarının olmaması və işsiz qalmaları özü ilə müəyyən psixoloji problemləri gətirir. Sağlam və güclü bir qadın sağlam bir ailə deməkdir. Turizm sahəsində qadınlar üçün daha çox imkanlar vardır. Gender bərabərliyi sahəsində də islahatlara ehtiyac vardır.

Qeyd olunub ki, konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində səslənən təklifləri həyata keçirmək üçün əlavə tədbirlər planı hazırlanmalıdır. Bu konfrans qadınların problemlərinin həllinə öz töhfəsini verəcək. Qadınların vəziyyətinin yaxşılaşdırılması üçün siyasi mexanizmlər də tərtib edilməlidir. Bütün üzv dövlətlər öz səylərini gücləndirməlidir ki, bu çağırışlara cavab verilsin.

Tədbirdə çıxış edənlər konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və xüsusilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdə bir sıra təkliflər səslənib, suallar cavablandırılıb.

Konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə