YAP Nizami rayon təşkilatı Müstəqillik gününü uşaqlarla qeyd edib

YAP Nizami rayon təşkilatı Müstəqillik gününü uşaqlarla qeyd edib

Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayon İcra Hakimiyyəti birgə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, müasir dünyada müstəqilliyini elan etmiş ölkələrin sayı 200-dən artıqdır.

Onun sözlərinə görə, lakin əsl müstəqil siyasət yürüdən və taleyi öz əlində olan dövlətlərin sayı azdır: "Məhz Azərbaycan dövləti bu kateqoriyadan olan ölkələrdəndir. Azərbaycan xalqı bu müstəqilliyi heç də asan əldə etməyib. Müstəqilliyə doğru gedən yolda yüzlərlə azərbaycanlı həlak olub, şəhidlik zirvəsinə yüksəlib".

Çıxış edən "Qayğı" ərazi ilk partiya təşkilatının sədri Sevinc Abdullayeva qeyd edib ki, bu günkü müstəqilliyimizi qoruyub saxlamaq xalqımıza heç də asan başa gəlməyib: "Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Müstəqilliyimizin ilk illərində topaqlarımız işğal olunurdu, separatizm baş alıb gedirdi. İnsanların sabaha olan inamı da tamamilə itmişdir. Məhz, Azərbaycanı parçalanması və müstəqilliyimizin itirilməsi təhlükəsindən Ulu öndər Heydər Əliyev xilas etdi. Bu gün isə Onun siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir".

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova bildirib ki, hazırda Azərbaycanımız regionun ən güclü ölkəsi kimi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır: "İnsanlarımız firavan yaşayır, uşaqlarımız gözəl şəraiti olan bağçalara, məktəblərə gedir və hal-hazırda tədbirimizi keçirdiyimiz reabilitasiya mərkəzlərində müalicə alırlar. Məhz, bütün bunlara müstəqilliyimizə və onun möhkəmləndirilməsində böyük rolu olan Ulu öndərimiz Heydər Əliyevin davamçıları Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdar olmalıyıq".

Çıxışlardan sonra partiyaya qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.

Sonda tədbir işini Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzlərinin kollektivlərinin musiqili proqramı ilə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə