Naxçıvan bu gün Avropanın gözəl şəhərlərindən daha cazibədardır. Şəhər planlı şəkildə yenidən qurulub, yeni və müasir tipli yollar, möhtəşəm parklar salınıb. Hər tərəf abadlaşıb, yaşıllaşdırma işləri isə yüksək səviyyədə aparılıb. Muxtar respublikada, demək olar ki, gördüyüm bütün tarixi abidələr isə müasir texnologiyanın son nailiyyətlərindən istifadə olunmaqla yüksək səviyyədə bərpa edilib, əvvəlki görkəminə qaytarılıb.
Bu sözləri IV Bakı Beynəlxalq Humanitar Forumunun bir qrup iştirakçısı sırasında Naxçıvanda olan Rusiya Federasiyasının Kazan Federal Universitetinin professoru Albert Burxanov müsahibəsində deyib.
A.Burxanov onu da qeyd edib ki, Naxçıvanda tarixi-mədəni abidələrin bərpasına, milli mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət, verilən əhəmiyyət heyranedicidir.
"Bir çoxları kimi, məni də 23 il blokadada yaşayan Naxçıvanın bu şəkildə sürətlə inkişaf etməsi təəccübləndirir. Bu, Azərbaycan Respublikasının qazandığı çox böyük uğurlardan biridir. Əsl möcüzədir", - deyən professor əlavə edib ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, müasir dövrün tələbləri ilə səsləşən islahatlar burada daha böyük nailiyyətlər qazanılmasına səbəb olacaqdır.
Naxçıvanın elmin inkişafında da uğurlar qazandığını bildirən A.Burxanov deyib ki, bu baxımdan Naxçıvan Dövlət Universiteti ilə tanışlıq məndə çox böyük təəssürat yaratdı. Universitetin 11 fakültəsində 47 ixtisas üzrə 5 min nəfərədək tələbənin təhsil alması, Rusiya, ABŞ, İngiltərə, Çin, Fransa, Almaniya, İspaniya, Türkiyə və digər ölkələrin universitetləri ilə geniş əlaqələrə malik olması bu təhsil ocağının regional elm mərkəzinə çevrildiyindən xəbər verir.
Professor deyib: "Naxçıvanın turizm potensialı çox yüksəkdir. Burada yaradılan şərait, eyni zamanda, Duzdağ Fizioterapiya Mərkəzi kimi şəfalı məkanların olması turizmin inkişafına geniş imkanlar açır. Fizioterapiya Mərkəzində olarkən öyrəndim ki, burada duz layları arasında oksigen 20 faiz təşkil edir. Həmçinin duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər orqanizmə şəfaverici təsir göstərir. Mərkəzdə əsasən allergik xəstəliklərdən, xüsusilə də bronxial astmadan əziyyət çəkənlər müalicə olunur. Təkcə bu amil muxtar respublikada səhiyyə turizminin inkişaf etdirilməsi üçün kifayət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB