“Mənim eko hekayəm” FOTO

IDEA İctimai Birliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə iyulun 15-dən elan olunan "Mənim eko hekayəm" adlı sosial-ekoloji müsabiqə başa çatıb. SİA-nın məlumatına görə, müsabiqəyə ekoloji mövzuda 3 dəqiqəlik video çarxın çəkilməsi üçün nəzərdə tutulan 50-dən artıq ssenari təqdim olunub. Münsiflər heyətinin qiymətləndirilməsi əsnasında ən yaxşı 3 ssenarinin müəllifi − Liya Bayramova (I yer), Gülşad Abdullayeva (II yer), Cəmilə Məlikova (III yer) müəyyən olunub.

Müsabiqənin qalibi Liya Bayramovanın təqdim etdiyi ssenari təbiətin gözəlliyindən, zaman keçdikcə ona dəyən zərərlərdən bəhs edir, insanları ətraf mühitin mühafizəsinə, onu gələcək nəsillər üçün qoruyub saxlamağa səsləyir.

Gülşad Abdullayev öz hekayəsində gözəl qadın portreti çəkən rəssamın əsərinin fonunda əks olunan ekoloji problemləri canlandırır. Cəmilə Məlikovanın yazdığı ssenari isə ətraf mühitin çirklənməsini görən gəncin təbiəti qorumaq, onu çirklənməkdən xilas etmək arzusunu əks etdirir.

Qeyd edək ki, I yerə layiq görülən ssenari əsasında IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial-ekoloji video çarx hazırlanması planlaşdırılır.

Müsabiqənin qalibləri, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə