Hicran Hüseynova: "Qadınların 6.9 faizi özəl sektorda çalışır"

Hicran Hüseynova: "Qadınların 6.9 faizi özəl sektorda çalışır"

"Azərbaycan qadını cəmiyyətdə yüksək yer tutur. Ancaq uğurlarla yanaşı, qadınlarımızın bir sıra çətinlikləri də mövcuddur". SİA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin İnkişafında Qadınların rolu mövzusunda Nazirlərin V Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün qarşıya çıxan problemlərin öhdəsindən gələ bilmək üçün biz mərkəzdə və ya ucqarda olmasından asılı olmayaraq, hər yerdə təhsilli, təcrübəli qadınlar görmək istəyirik: "Qadınların ictimai və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan çəkindirən bir sira sosial-psixoloji amillər var. Onların aradan qaldırılması üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması zəruridir. Kişilərdən fərqli olaraq, onların bu sahədə biliklərinin və təcrübələrinin, maliyyə resurslarının az olması müəyyən maneələr yaradır. Bu gün doğulan uşaqların cinsi nisbətinin pozulması və məişət zorakılığına məruz qalan insanlar üçün sığınacaqların az olması kimi vacib problemlərin həlli çox aktualdır".

H. Hüseynova vurğulayıb ki, Azərbaycanda öz həllini gözləyən problemlərin hərtərəfli və obyektiv araşdırılması, həmin problemlərin kökündə duran amillərin müəyyənləşdirilməsi məqsədi ilə bir sıra fərmanlar və sərəncamlar imzalanır: "Həyata keçirilən bu siyasət bir daha sübut edir ki, Azərbaycanda dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu gələcəkdə də davam etdiriləcək".

Daha sonra H. Hüseynova bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü Azərbaycanın 20 faiz torpaqlarının zəbt edilməsi ilə yanaşı, bir sıra xoşagəlməz, mənfi sosial hadisələrin baş verməsinə də səbəb olub: "Ölkədə 1 milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu isə uşaqlar təşkil edirdi. Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsi dayanır. Azərbaycan əhalisinin 50, 3 faizini təşkil edən qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələr əldə etdikləri uğurlar bütövlükdə dövlətimizin nailiyyətidir. Bu gün əmək qabiliyyətli qadınların 69, 2 faizini özəl sektorda, 30, 8 faizi isə dövlət sektorunda çalışır. Qadınlar arasında işsizliyin səviyyəsi ildən- ilə azalaraq 5, 9 faizə düşüb, qadın sahibkarlığı 17, 9 faizədək artıb. Hazırda parlament və bələdiyyə səviyyəsində də qadınların təmsilçiliyi artıb. Milli Məclisdə 1990-cı ildə bütün deputatların 4, 3 faizini, 2000-ci ildə 10, 7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16 faizə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən, son bələdiyyə seçkilərində 5 dəfə artaraq 26, 7 faiz olub. Bələdiyyə sədrlərinin 17, 7 faizi qadındır. Eyni zamanda 85 rayon üzrə 73 İcra Hakimiyyəti başçısının müavini qadındır. Həmçinin qadın Qeyri-Hökumət Təşkilatlarının sayının 200-dən çox olması da qeyd olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə