Gənclər nikahdan əvvəl sağlamlıq haqqında arayış təqdim edəcəklər

Gənclər nikahdan əvvəl sağlamlıq haqqında arayış təqdim edəcəklər

Bundan sonra gənclər nikaha girməzdən əvvəl sağlamlıq haqqında arayış təqdim etməlidirlər. SİA-nın xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Ailə Məcəlləsinə dəyişiklik edilib.

Millət vəkili Vahid Əhmədov isə bu tələbin effektiv olmayacağını bildirib. Onun sözlərinə görə, isətnilən şəxs xəstə olsa belə, həkimə pul verərək sağlam olması haqda saxta arayış alacaq və qanuna edilən dəyişiklik sadəcə əlavə korrupsiyaya yol açacaq.

Parlament sədrinin I müavini Ziyafət Əsgərov isə millət vəkilinin iradına cavab olaraq bildirib ki, səhiyyə müəssisələrində işləyən insanları günahlandırmaq düzgün olmazdı: "Qanunun fəlsəfəsi saf məsələyə xidmət edir. Əsas məqsəd odur ki, millətin gələcəyi sağlam olsun. Xəstə insanlar nikaha daxil olaraq, sağlam olmayan körpəni dünyaya gətirməsinlər. Lakin əvvəlcədən heç nəyi bilmək olmaz. Bu kimi məsələlərdə müəyyən sui-istifadə halları olacaqsa, onda belə çıxır ki, heç bir qanunu qəbul etməyək?".

Millət vəkili Fazil Mustafa isə təklif edib ki, həkim tək sağlamlıq haqqında arayışı verməklə kifayətlənməsin, həm də xəstəlik haqqında rəy versin və tərəflər bu rəylə tanış olmaq imkanını qazansınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə