Əcnəbilər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər

Əcnəbilər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər

Milli Məclisdə Miqrasiya Məcəlləsinə növbəti dəyişikliklər müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, qanunvericilik təşəbbüsü prezident İlham Əliyevə məxsusdur: "Əsas dəyişiklik Azərbaycana müvəqqəti gələn əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması ilə bağlıdır. Mövcud qanunvericiliyə əsasən Azərbaycanda 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bu müddət artırılıb. Artıq 3 gün deyil, 10 gündən artıq Azərbaycanda müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınacaqlar".

Ə. Hüseynli bildirib ki, dəyişiklik qüvvəyə mindikdən sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycanda 10 gün qeydiyyatsız qala biləcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə