Fiziki şəxslər Azərbaycan vətəndaşlarını xaricdə işə düzəldə bilməyəcək

Fiziki şəxslər Azərbaycan vətəndaşlarını xaricdə işə düzəldə bilməyəcək

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyəti göstərmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə biləcəklər. SİA-nın xəbərinə görə, Milli Məclisin bugünkü iclasında bununla bağlı "Reklam haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycanda fiziki şəxslərin Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələrində vasitəçilik etməsi də qadağan edilir.

Qanun layihələrinin müzakirəsində çıxış edən millət vəkili Sabir Rüstəmxanlı deyib ki, Milli Məclis qanunları Miqrasiya Məcəlləsinə uyğunlaşdırır: "Amma Miqrasiya Məcəlləsinin özü də yanlışdır. Əgər Rusiyada haradasa işləmək imkanı varsa, bir azərbaycanlı 5-10 azərbaycanlını işləməyə aparırsa, bunun fiziki yox, mütləq hüquqi şəxs olmasının, Azərbaycanda hansısa qurumlara xəbər verməsinin məsələyə nə dəxli var?".

Millət vəkili Siyavuş Novruzov isə S.Rüstəmxanlıya etiraz edib: "Biri qoltuğuna 5-10 adamı vurub, Rusiyada işlədir. Təbii ki, bunun pensiya təminatı, səhiyyə məsələsi var. 20 ildən sonra da o insanlar Azərbaycana gəlir, pensiya, sosial sığorta məsələləri necə olacaq? Bu qul əməyidir, bunun qarşısını almaq lazımdır".

Millət vəkili Çingiz Qənizadə də insan alveri hallarının qarşısını alınması üçün hüquqi şəxslərin bu işlə məşğul olmasının daha məqbul olduğunu vurğulayıb.

Vitse-spiker Ziyafət Əsgərov isə izahların yetərli olduğunu qeyd edib: "Qanunu oxuyub şərh etmək lazımdır ki, belə populist çıxışlara yol verilməsin".

Qeyd edək ki, hər iki qanun layihəsi müzakirələrin sonunda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə