Astara rayon İcra Hakimiyyətində 9 ayın yekunlarına həsr olunmuş Şura iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şura iclasında məruzə ilə çıxış edərək qeyd edib ki, oktyabrın 8-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bildirilib ki, bu ilin doqquz ayında ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artıb. Qeyri neft sektoru isə 6 faiz artıb. Davos Dünya İqtisadi Forumu 144 dövlət arasında Azərbaycanı rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görüb. Ölkədə doqquz ayda 100 mindən çox yeni iş yeri açılıb. Onlardan 80 mini daimi iş yerləridir. 2004-cü ildən indiyədək Azərbaycanda 1 milyon 300 min yeni iş yeri yaradılıb. Sosial proqramlar və layihələr də müvəffəqiyyətlə icra edilir.
2014-cü ilin 9 ayında Astarada da tikinti-abadlıq və quruculuq sahəsində də xeyli işlər görülüb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 12 sentyabr 2013-cü il tarixli Sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi başa çatdırılıb.
Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər – Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib, eyni zamanda Astara şəhərinin küçələrində 11.000 kv.m, Kijəbə qəsəbəsində 1200 kv.m və Ərçivan qəsəbəsində 1800 kv.m təmir işləri yerinə yetirilib. Siyaku - Şağlazüzə, Siyaku - Marzəsəy avtomobil yollarında 4 körpü tikilib.
Şəhərin Əhəd Muxtar və Səməd Vurğun küçələrində tikinti-abadlıq işləri davam etdirilir. Bu küçələrdə yeni işıqlandırıcılar quraşdırılmışdır. H.Əliyev prospektində, Nizami, R.Məmmədov, Azərbaycan, Füzuli, C. Cabbarlı küçələrində cəmi 4230 metr uzunluğunda küveytlər məişət tullantılarından təmizlənib, H.Aslanov, Z.Bünyadov, C.Cabbarlı, Nizami və S.Vurğun küçələrində işıqlandırıcılar quraşdırılıb. Şəhərin S.Vurğun küçəsi 1, 1A, 15, 15A, 16 saylı və Azərbaycan küçəsindəki 22 saylı ictimai yaşayış binalarının fasad hissəsi əsaslı təmir olunub.
Şəhərin Xəzər dənizi sahili boyu 8 hektar sahədə park-bulvarın tikintisinə başlanıb. Burada bulvarın salınması üçün 250 min kub metrə yaxın torpaq daşınmış, sahilboyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, İstirahət meydanı dəmir beton konstruksiyası ilə betonlanıb. Bulvarda 7000 kv metr travertin materialı düzülmüş, işıqlandırılma sistemi quraşdırılıb və hazırda 2 ədəd su fontanın tikintisi aparılır. Bulvar ərazisində 1400 m2 ölçüdə əyləncə mərkəzinin, çay evi və kafenin, uşaqların əylənməsi üçün atraksionların quraşdırılması, mini futbol və voleybol meydançalarının tikintisi nəzərdə tutulub. Hazırda burada tikinti-quraşdırma işləri davam etdirilir.
Telman kəndində yeni çay emalı fabrikinin və Züngüləş kəndi ərazisində 0.3 mvt gücü olan "Astara-1" kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir. Astara şəhərində Maliyyə İdarəsi üçün yeni ikimərtəbəli müasir tipli inzibati bina tikilib istifadəyə verilib
Son dövrdə rayonda 6476 iş yeri açılıb, bunun da 6046 daimi iş yeridir. İlin doqquz ayında rayonda 603 yeni iş yeri açılıb.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülüb. Yerli büdcə hesabına Sipiyəpard kənd tam orta məktəbi təmir edilib, Suparibağ kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Əzərud və Anboba kənd ibtidai məktəbləri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Sım və Artupa tam orta məktəbləri üçün yeni binaların tikintisindən ötrü hazırlıq işlərinə başlanıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fevralın 17-dən mayın 1-dək ölkə əhalisinin icbari tibbi müayinədən keçirilməsi ilə bağlı göstərişinə əsasən rayonda da keçirilən tədbirlər rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanıb. Bu müddət ərzində 56 min 209 nəfər müayinəyə cəlb olunub.
Şurada RİH - başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İ.Malıyev, Maliyyə İdarəsinin rəisi C.Abbasov, Təhsil şöbəsinin müdiri Q.Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Ə.Əliyev, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru A.Mirzəyev, Paylayıcı Elektrik şəbəkəsinin baş mühəndisi V.Səfərov,
Suvarma Sistemləri İdarəsinin baş mühəndisi H.Əliyev, Baytarlıq idarəsinin rəisi M.Axundov çıxış ediblər.
Şura iclasına yekun vuran İcra başçısı Q.Ağayev bu ilin 9 ayında rayonumuzda uğurlu göstəricilər qazanıldığını qeyd etməklə yanaşı, ayrı-ayrı idarə və müəssisələrdə mövcud nöqsanları ciddi tənqid etmiş, xüsusən qışa hazırlıq ilə əlaqədar daha vacib işlərin görülməsini diqqətə çatdırıb. Paylayıcı Elektrik Şəbəkəsinin, Qaz İstismar Sahəsinin, 52 saylı Yol İstismar İdarəsinin, Suvarma Sistemləri İdarəsinin fəaliyyətlərində çatışmazlıqların olduğunu diqqətə çatdıraraq bu sahədə qısa müddətdə təsirli tədbirlərin görülməsi barədə tapşırıq verib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB