Sahibə Qafarova: "Ortaq əlifbanın yaradılması mükəmməl ideyadır" Açıqlama
"Türkdilli ölkələri ortaq tarix, mədəniyyət, dil, din eyniliyi kimi çox ümdə məsələlər birləşdirir. Türk dünyası qlobal siyasi proseslərdə öz mövqeyini daha dəqiq müəyyənləşdirir. Tarixi, dini, dili, mədəniyyəti eyni olan bu dövlətlər xarici təzyiqlərə qarşı birgə mübarizə aparmağa və inteqrasiyaya maraqlıdırlar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, türk xalqları əsrlər boyu bir yerdə yaşayıb çalışaraq ortaq mədəniyyət yaradıb, ondan bəhrələniblər: "Ən çətin tarixi vəziyyətlərdə türk xalqları bir-birilərinə yardımı əsirgəməyiblər. Müasir dünyada türkdilli ölkələrin birliyi daha aktual və vacib xarakter alıb. Prezident İlham Əliyev də türk xalqları və dövlətləri arasında əlaqələrin inkişafı, münasibətlərimizin daha geniş istiqamətləri əhatə etməsi üçün güclü iradə ortaya qoyur. Dövlət başçısının təşəbbüsləri digər türkdilli dövlətlərdə də lazımınca qiymətləndirilir".
Millət vəkili onu da bildirib ki, mədəni inteqrasiyanı sürətləndirmək, türkdilli ölkələr və xalqlar arasında mənəvi bağı daha da möhkəmləndirmək üçün siyasi, iqtisadi əlaqələri daha da inkişaf etdirmək vacibdir: "Bunun üçün yetərincə əsaslar və potensial mövcuddur".
Türkdilli ölkələrin ortaq televiziyasının yaradılması məsələsinə gəlincə, millət vəkili vurğulayıb ki, bu, mühüm əhəmiyyət kəsb edən məsələdir: "Bununla belə, məsələnin texniki tərəfinin həllinə uzun vaxt tələb olunur. Hazırda "TRT-Avaz", o cümlədən "TRT-Türk" kanalları bu istiqamətdə müəyyən işlər görürlər. Ancaq ortaq televiziya odur ki, o, mütləq şəkildə bütün türk xalqlarının televiziya maraqları səviyyəsində olmaqla yanaşı, türk dünyasının televiziya siyasəti kimi ortaya çıxsın. Bununla bağlı müxtəlif ideyalar səsləndirilir. Amma daha konkret iş görmək üçün həmin ideyalar sistemləşdirilməli, mexnizmləri müəyyənləşdirilməlidir. Yəqin ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qarşıdakı iclaslarında buna aydınlıq gətiriləcək. Ortaq əlifbanın yaradılması məsələsi də ideya olaraq mükəmməl ideyadır. Onun da reallaşdırılması üçün zamana ehtiyac var. Amma bu işdə daha çox ictimaiyyət nümayəndələri, ictimai təşkilatlar maraqlı olmalı və dövlətlərin siyasətinə dəstək verməli, ictimai təşkilatlar bu istiqamətdə fəaliyyət göstərməli, geniş təbliğat işləri aparmalıdırlar. Çoxlu kitablar nəşr olunmalı, radio-televiziya kanallarının imkanlarından istifadə olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB