15 oktyabr 2003-cü il – müstəqil Azərbaycanın yeni yüksəliş dövrünün başlanğıc günü
Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanmaqla müstəqil Azərbaycan dövlətinin başçısı seçildiyi 2003-cü ilin 15 oktyabr tarixindən 11 il ötür.
Bizim hər birimiz 2003-cü ilin 15 oktyabrı ərəfəsində baş verən hadisələri yaxşı xatırlayırıq. Hətta bir çox tanınmış politoloqlar həmin tarixi anı ölkəmizin gələcək taleyi baxımından 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ilə müqayisə edirlər.
İlk baxışda möhtəşəm bir tarixi inkişaf mərhələsinin başlandığı günlə xalqın vətəndaş müharibəsi və Azərbaycan dövlətçiliyinin əldən getməsi təhlükəsi ilə üz-üzə qaldığı günlər arasında paralellər axtarmaq o qədər də məntiqli görünmür. Ancaq milli mənafe baxımından 1993-cü və 2003-cü illərin oktyabr aylarında keçirilən prezident seçkilərinin əhəmiyyətini eyniləşdirənlərin qənaətində bir məntiq var. Daha doğrusu, bu məntiqi zamanın özü sübut edib.
Ölkə əhalisinin 1993-cü ilin oktyabrında tam yekdilliklə inam və etimad göstərdiyi ulu öndər Heydər Əliyev 30 ildən artıq bir müddətdə öz xalqına və dövlətinə canı, qanı ilə xidmət edən dahi dövlət xadimi, dünyanın ən üzdə olan, nəhəng siyasi liderlərindən biri idi. Bu liderlik həmin dövrdə qeyri-müəyyənlik içində çapalayan keçmiş sovet respublikaları üçün məktəb sayılırdı. Təsadüfi deyil ki, bir çox dünya liderləri kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də məhz bu tarixi reallığı əsas götürərək 2003-cü ildə ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolunu "postsovet məkanının siyasətçiləri üçün məktəb" adlandırıb. Bu baxımdan Vladimir Putinin məktəb adlandırdığı dahi rəhbər Heydər Əliyev təcrübəsinə ən yaxından bələd olan, bir çox məqamlarda isə onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri ilə yadda qalan İlham Əliyevə etimad göstərilməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən məntiqə uyğun idi.
İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Bu taleyüklü seçkilər ərəfəsində xalq Ümummilli Liderin siyasi kursunun layiqli davamçısını özünün şəriksiz lideri kimi görürdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, Rusiya paytaxtında fəaliyyət göstərən böyük bir şirkətin baş direktoru kimi iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi.
Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik məharətinə onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan yaxşı bələd idilər. Məhz gələcək dövlət başçısının prinsipiallığı, təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seçildi.
Azərbaycan seçiciləri yaxşı bilirdilər ki, İlham Əliyev həm ARDNŞ-in birinci vitse-prezidenti, həm Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən), həm də Azərbaycan Respublikasının Baş naziri vəzifələrində (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanıb. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq gələcək Prezidentin özünəməxsus liderlik keyfiyyətlərini də ortaya qoydu. Beləliklə, öz diplomatik uğurları, xarizmatik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın liderinə çevrilməsi İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsini şərtləndirən mühüm amillər idi. Xalq bu reallıqları düzgün qiymətləndirməyi bacardı. Seçki ərəfəsində Baş nazir kimi ali hökumət postunu tutan İlham Əliyev haqqında ulu öndər Heydər Əliyevin söylədiyi belə bir fikir də xalqın qəlbinə hakim kəsilmişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması Ulu Öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.
Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin gündən başlayaraq ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam", - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlətimizin başçısı İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi.
Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.
Bir sıra ekspertlərin ortaq fikri belədir ki, Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarını (2004-2008-ci, 2009-2013-cü və 2014-2018-ci illər) təsdiq etməklə regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün hüquqi baza yaratdı. Dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi özünü bütün sahələrdə göstərdi. Regionlarda dünya standartlarına cavab verən istehsal və sənaye müəssisələri yaradıldı. Regionlarımızın siması tamamilə dəyişdi, gözəlləşdi.
Bütün bu uğurlar sonrakı vaxtlarda - 2008-ci və 2013-cü illərin prezident seçkilərində də onun xalqın yekdil iradəsi ilə dövlətimizin başçısı seçilməsini şərtləndirən əsas amillər oldu.
2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra Azərbaycanın ən qədim və ən həssas bölgəsinin - Naxçıvan Muxtar Respublikasının da həyatında inkişaf və tərəqqi ilə müşayiət olunan yeni dövr başladı. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda və hətta ən ucqar dağ kənd¬lərində də gözoxşayan binalar tikildi, dayanıqlı infrastruktur quruldu. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələyib. Ötən il adambaşına düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olub.
Muxtar respublikada 2013-cü ildə 2003-cü illə müqayisədə sənaye məhsulunun həcmi 49 dəfə artıb. 2003-cü ilin sonunda muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərdiyi halda, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatıb. Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranıb ki, bu da blokada şəraitində olan muxtar respublika üçün böyük göstəricidir.
Son illərdə nahaq yerə muxtar respublikanı Cənubi Qafqaz ölkələri üçün inkişaf modeli hesab edilən Azərbaycan Respublikasının parlayan ulduzu adlandırmırlar. Çünki Azərbaycanın bu qədim diyarı sözün əsl mənasında özünün yüksəliş, inkişaf, intibah dövrünü yaşayır.
Muxtar respublika üçün ən önəmli olan məsələlərdən biri də enerji təhlükəsizliyinin təmin edilməsi idi. Sevindirici haldır ki, ötən illər ərzində bu məsələ öz həllini tapıb. Əldə edilən ən böyük uğurlardan biri və birincisi də budur. Əgər 2003-cü ildə muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, görülən kompleks işlər nəticəsində bu müəssisələrin sayı 7-yə çatdırılıb. Hazırda bu istiqamətdə daha bir obyektin - Ordubad rayonunda 36 meqavat gücündə Su Elektrik Stansiyasının inşası davam etdirilməkdədir.
Bu dövr ərzində muxtar respublikada 9 elektrik yarımstansiyası yaradılıb, 4 elektrik yarımstansiyası isə yenidən qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 7-də Naxçıvana səfəri zamanı "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyaları işə salınıb. Bu, Naxçıvanın elektrik enerjisi ilə təmin olunmasında növbəti uğurlu bir hadisə kimi yaddaşlarda qalıb.
On dörd illik fasilədən sonra - 2005-ci il dekabrın 20-də muxtar respublikaya "mavi yanacağ"ın verilməsinin bərpa olunması isə əhalidə çox böyük sevinc hissləri yaratdı. İnsanlar, sözün həqiqi mənasında, uzun illərin çətinliklərindən xilas oldular. Təkcə bu fakt əldə edilən uğurların miqyasını əks etdirməyə kifayət edər.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilir. Əhalinin 70 faizdən çoxunun kənddə yaşaması bu amili xüsusilə gündəmə gətirir. Kənd təsərrüfatının inkişafı naminə məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilir, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması ciddi nəzarətdə saxlanılır.
Bütün bunların nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunub. Tələbata uyğun olaraq, quşçuluğun və balıqçılığın inkişafı dəstəklənib, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilib. Hazırda muxtar respublikada 106 növ ərzaq, 226 növ qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu da Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunmasının göstəricisidir.
Digər bir mühüm məqam isə ondan ibarətdir ki, sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılıb, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faizi ötüb. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlib, ötən 10 il ərzində 59 mindən çox yeni iş yeri açılıb ki, bunun da 43 mini daimi iş yeridir. Bu isə yüzlərlə ailənin sosial rifah halının yaxşılaşmasına birbaşa təsir göstərir.
Azərbaycan dövlətinin başçısının blokada şəraitində yaşayan muxtar respublikaya xüsusi diqqət və qayğısını belə bir fakt bir daha təsdiqləyir. 2003-cü ildən indiyədək Prezident İlham Əliyev muxtar respublikaya 11 dəfə səfər edib. Hər səfərində Naxçıvanda aparılan sosial-iqtisadi və mədəni quruculuq, çoxsaylı yeni iş yerlərinin açılması, əhalinin rifahının yüksəlməsi Prezident İlham Əliyevi razı salıb, məmnun edir.
Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində qədim diyarda əldə edilən uğurları yüksək qiymətləndirərək deyib: "...Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm".
Göründüyü kimi, Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin digər regionları kimi, Naxçıvan Muxtar Respublikası da sürətlə inkişaf edir və bu sahədə liderliyini qoruyur. Ağır blokada şəraitində sosial-iqtisadi yüksəlişə nail olmaq isə heç də asan deyil. Muxtar respublikada ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarının dərhal, təxirə salınmadan yerinə yetirilməsi, sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının dəqiqliklə icrası, islahatların günün tələbləri səviyyəsində aparılması və naxçıvanlıların yüksək vətənpərvərlik ruhu, Vətən sevgisi, yurda, xalqa məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət hissləri bu çətin vəzifənin öhdəsindən gəlməyə imkan verib. Muxtar respublika başdan-başa çiçəklənən, abadlaşan, sürətlə inkişaf edən, yüksələn bir diyara çevrilib.
Rauf Əliyev, AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB