Lənkəranda 9 ayin yekunlari müzakirə edildi FOTOLAR

Lənkəranda 9 ayin yekunlari müzakirə edildi FOTOLAR

Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iclasda 2014-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr müzakirə edildi.

İclasa sədrlik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, 2014-cü ilin 9 ayı da əvvəlki illərdə olduğu kimi mühüm uğurlarla başa çatıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, 2014-cü ilin doqquz ayında ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilib.

ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov 2014-cü ilin 9 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış edib.

İ.Rəhimov bildirib ki, ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Lənkəran rayonunun da sosial-iqtisadi tərəqqisinə müsbət təsir göstərib, rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunub.

Cari ilin 9 ayında rayonda 2024 yeni iş yeri açılıb, onlardan 1583-ü daimi iş yerləridir.

9 ay ərzində rayonda ümumi məhsul buraxılışı 3.1 faiz artaraq 291.4 milyon manat təşkil edib. Sənayedə 14.8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 5.6 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 3.2 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 71 faiz təşkil edib.

Rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını söyləyən İ.Rəhimov qeyd edib ki, şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, Hava limanına gedən yolda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılıb. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulub, parka daha keyfiyyətli tamet döşənib və yeni bardürlər düzülüb, dekorativ ağac və gül kolları əkilib. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenilənərək postamenti mərmər üzlüklə işlənib.

Xocalı soyqırımı abidə-kompleksində , Heydər Əliyev Xatirə parkında təmir işləri aparılıb, işıqlandırıcılar təzələnib, yeni oturacaqlar qoyulub, dekorativ ağac və gül kolları əkilib.

Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulub, səkilərə 22700 kvm tamet və 5.7 min paqonometr bardür düzülüb, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılıb, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvm dam örtüyü əsaslı təmir edilərək yenidən qurulub və bir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənib. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işləri aparılıb. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən "Azəryolservis" ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38.4 km hissəsinin 10 km-i əsaslı təmir olunaraq istifadəyə verilib, bu yolun daha 3.5 km hissəsinin təmiri nəzərdə tutulub.

2014-cü ilin 9 ayında rayonda iqtisadiyyatın və sosial sferanın inkişafına 68.5 milyon manat investisiya yönəldilib.

Məruzəçi tikinti-quraşdırma işlərindən, əhaliyə göstərilən ticarət xidmətindən, əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtında verilməsinin şəhər İcra hakimiyyətinin diqqət mərkəzində olmasından bəhs edib.

Bu ilin 9 ayı ərzində rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaqdan ötrü 782 nəfər müraciət edib və onlar iş axtaran kimi qeydiyyata götürülüblər.

Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilib.

42 saylı Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan avtomobil yollarında cari təmir işləri aparılıb. Rayonun Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunda bir ədəd, Hirkan-Daşdatük-Biləsər avtomobil

yolunda bir ədəd körpü tikilib və Daşdatük kəndi ərazisində Bəşəru çayın üzərində yeni körpünün inşası başa çatdırılıb. Qumbaşı kəndində avtomobil körpüsü əsaslı təmir edilib.

Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilib. Cari tədris ilinin başlanması ilə əlaqədar şəhər 8 saylı, Qurunba, Yuxarı Nüvədi, Daştalığjar, Tütəpeştə, Xanbulan, Bəleton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib və şəhər 2 saylı orta məktəb əsaslı təmir edilib. Darquba kənd tam orta məktəbin tikintisi davam etdirilir.

Mərkəzi Rayon Xəstəxanasının bütün müəssisələrində əhaliyə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə müəyyən işlər həyata keçirilib.

Ötən dövr ərzində Lənkəran şəhərində tikinti sahəsi 8300 kvm olan Q.Vəliyev adına mədəniyyət mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılıb.

Şəhərin qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyində (Xan evi) əsaslı təmir bərpa işləri başa çatmaqdadır. Abidənin özülündə aparılan bərkitmə işləri başa çatdırılıb, hazırda binanın fasad və daxilində işlər aparılır. Bu möhtəşəm abidə ilk dəfə olaraq təmir-bərpa olunur.

Məruzəçi gənclərlə əlaqədar keçirilmiş tədbirlərdən, gənc idmançıların respublika və beynəlxalq yarışlarda rayonumuzu uğurla təmsil etməsindən söhbət açıb, Lənkəran şəhərində müasir Olimpiya Kompleksinin tikintisinə başlanıldığını diqqətə çatdırıb.

Aqrar sahədə işlərin surətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və iş yerlərinin açılması nəzərdə tutulub.

"Sənaye ili" əlaqədar şəhərdə 1 çörək zavodu, yem fabriki tikilib istifadəyə verilib, digər 2 çörək zavodunun və Lənkəran Mexanikiləşdirmə MMC-də yeni istehsalat sexlərinin tikintisi davam etdirilir. İstehsal müəssisələri fəaliyyətə başladıqdan sonra burada 420 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli 5 ulduzlu Otel-Cotec kompleksinin tikintisi davam etdirilir.

Məruzə ətrafında şəhər Maliyyə şöbəsinin rəisi İqbal Rəcəbov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev, Elektrik şəbəkəsinin rəis əvəzi Əlizadə Talıbov, Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov və Lənkəran İstilik Sistemləri İstismar sahəsinin rəisi Azad Mehdizadə çıxış edərək cari ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat verdilər.

İclası yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ötən 9 ayda Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlərdən ətraflı danışaraq qeyd edib ki, görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanlarımızı səfərbər etməliyik. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlarını verən İcra başçısı eyni zamanda şəhərdə, qəsəbə və kəndlərdə səliqə-sahman işlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini diqqətə çatdırıb, yaşıllaşdırma və ağacəkmə kampaniyasının mütəşəkkil yerinə yetirilməsi üçün tövsiyələrini verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə