Daşkəsəndə 9 ayda uğurlu nəticələr əldə olunub FOTOLAR

Daşkəsəndə 9 ayda uğurlu nəticələr əldə olunub  FOTOLAR

Bu gün Daşkəsən rayonunda 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd edib ki, 2014-cü ilin 9 ayı ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında uğurlu nəticələr əldə olunub.

"2014-cü il Daşkəsən rayonunun tarixinə qızıl hərflərlə qeyd olunacaqdır. Ona görə ki, bu ildə görünməmiş miqyasda tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri aparılmışdır. Bu il həmin tikintilərin çox möhtəşəm açılışları gözlənilir. Daşkəsəndə aparılan belə möhtəşəm tikinti, quruculuq, abadlıq və yenidənqurma işləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə böyük ideoloji təminat yaradır", deyə icra başçısı qeyd edib.

Bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə oktyabrın 8-də Prezident sarayında, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib: "Birmənalı olaraq qeyd etməliyik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilən xarici siyasət kursu ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir.

Bu uğurlar qısa zaman kəsiyində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və mükəmməl iqtisadi strategiya nəticəsində əldə olunub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması və digər islahatlar Azərbaycan iqtisadiyyatının kompleks inkişafını təmin etmişdir. Bu isə məhz qeyd etdiyimiz Dövlət proqramlarının düzgün icrasının və ölkə rəhbərliyinin regionların inkişafına qayğısının, ali diqqətinin nəticəsidir".

Əhəd Abıyev çıxışına davam edərək deyib ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ilin 9 ayında bir çox işlər görülmüş və nailiyyətlər əldə olunmuşdur: "Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır. Azərbaycan Prezidentininn 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan edilmişdir. Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişafına çatacaqdır".

Daşkəsən rayon sakinlərinin qaldırdıqları problemli məsələlər əsasən aşağıdakılardan ibarət olmuşdur.

* Qabaqtəpə, Astaf və Tapan kəndlərindən keçən çayların üzərində 3 ədəd körpünün salınması;

* Daşkəsən şəhərinin girəcəyindən Astaf kəndinə qədər olan yolun asfaltlanması və çaylar üzərində yeni körpülərin tikilməsi,

* Bayan kəndi ərazisindəki dəmir yolu körpülərinin təmiri,

* Quşçu körpüsündən Quşçu kəndinə qədər olan yolun asfaltlanması,

* Rayon mərkəzindən Alunitdağ qəsəbəsinə qədər olan 2,3 km yolun asfaltlanması,

* Daşkəsən –Xoşbulaq asfalt yoldan Mədənçilər qəsəbəsinə qədər olan 800 m yola asfalt örtüyünün salınması,

* Quşçu kəndindən Zəylik kəndinə qədər olan 10 km yolun asfaltlanması.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı çıxışının sonunda bildirib ki, qarşımızda çox məsul və şərəfli vəzifələr durur: "İcazə verin, Azərbaycan Prezidenti İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün daşkəsənlilər qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq!".

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin geniş nitqindən sonra Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov çıxış etmiş, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, qarşıda duran vəzifələrin icrasından danışıblar.

Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə