BSU-da “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası müzakirə olunub FOTO

BSU-da “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” monoqrafiyası müzakirə olunub FOTO

Bu gün Bakı Slavyan Universitetinin və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə universitetdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının müzakirəsi keçirilib. BSU-dan SİA-ya verilən xəbərə görə, Bilik Fondunun icraçı direktoru O. Səmədov və qurumun digər nümayəndələrinin, BSU-nun rəhbər heyəti, müəllim və tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev monoqrafiya ilə bağlı geniş məlumat verib.

Bildirilib ki, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyası mövzu baxımından ölkəmiz və millətimiz üçün çox dəyərlidir. Akademik Ramiz Mehdiyev bu kitabla bilavasitə dövlətin sözünü deyib. Mühim tarixi faktlar əsasında yazılmış kitab Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub. Müəllif ilkin mənbələrə və elmi ədəbiyyata istinad edərək, Dağlıq Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olması və bu diyarın Azərbaycan xalqına məxsus olması barədə tarixi həqiqəti oxuculara təqdim edir." Kitabın Rusiyada çap olunmasını xüsusilə vurğulayan A.Hacıyev qeyd edib ki, bu Azərbaycan üçün mühim siyasi addımdır.

Tədbirdə ali təhsil müəssisinin rektoru ilə yanaşı Bilik Fondunun aparat rəhbəri professor Rafael Həsənov, Fondun şöbə müdiri Leyla İmaməliyeva, universitetin dosentləri Habil Məmmədov, Əhməd Əsgər, Ləman Qarayeva, BSU-nun nəzdində fəaliyyət göstərən Məktəb-Lisey kompleksinin tarix müəllimi Arzu Hacıyeva monoqrafiya ilə bağlı öz təəsüratlarını bölüşüblər. Kitabın universitet tələbələri, həmçinin məktəblilərin Azərbaycanın tarixi köklərini öyrənməsi üçün mühim əhəmiyyət kəsb etdiyini vurğulayan tədbir iştirakçıları "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" monoqrafiyasının tədrisi ilə bağlı maraqlı təkliflər irəli sürüblər. Bilik Fondunun monoqrafiyanın müxtəlif dillərə tərcümə olunması, universitet rəhbərliyinin isə Qarabağ tarixinin ayrıca bir fənn kimi təhsil ocaqlarında tədris olunması və fənnin tədrisində monoqrafiyadan istifadə olunması fikirləri xüsusilə maraqlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə