İranda Azərbaycan kanalı açılacaq

İranda Azərbaycan kanalı açılacaq

"Bu yaxınlarda İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O deyib ki, televiziya kanalında əsasən iki ölkə arasındakı əməkdaşlıq, mədəni əlaqələrimiz işıqlandırılacaq: "Azərbaycan dilində fəaliyyət göstərəcək kanalda ölkəmizdə çəkilən seriallar, uşaqlar üçün cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Həmçinin bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək. Həmin televiziya kanalında həmçinin Azərbaycanda istehsal olunan filmlər də nümayiş olunacaq".

İranın Azərspace-1 peykinin imkanlarından yararlanmaq niyyətində olduğunu açıqlayan İzzətullah Zərqami vurğulayıb ki, səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb: "Azərspace-1 vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutulur. Səfər çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə