Azərbaycan Prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib

Dövlət başçısı: "Rusiya ilə əməkdaşlıq dinamik inkişaf edir"
Azərbaycan Prezidenti Rusiyanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu yaxınlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Həştərxanda və Minskdə görüşlərini məmnunluqla xatırladıb və yüksək səviyyəli görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib.

Siyasi, iqtisadi sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın da ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağını bildirdi və səfərin səmərəli olacağına əminliyini ifadə edib.

İkitərəfli münasibətlərimizin inkişafı ilə bağlı deyilən xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Həştərxanda və Minskdə keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Sergey Şoyqu Xəzər dənizində əməkdaşlıqla bağlı qəbul olunan qərarların əhəmiyyətini vurğulayıb. Xəzər dənizi hövzəsində hərbi əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayan nazir bugünkü görüşün də əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə