2014-cü ilin dekabr ayında ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Ombudsman Aparatında əməkdaşlar üçün seçki hüquqları ilə bağlı treninq təşkil olunub. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə çıxış edərək, qarşıdakı bələdiyyə seçkiləri ilə bağlı seçki hüquqlarının, o cümlədən seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, Müvəkkilin seçki hüquqları sahəsində MSK ilə səmərəli əməkdaşlığını, Müvəkkilin və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını diqqətə çatdırıb. O, respublikamızda bu istiqamətdə qanunvericiliyin, Seçki Məcəlləsinin təkmilləşdirildiyini vurğulayıb, ölkə Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli Sərəncamlarının əhəmiyyətini qeyd edərək, bu sərəncamların mühüm müddəalarının Seçki Məcəlləsində nəzərə alındığını söyləyib.
Aparatın rəhbəri bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Müvəkkil tərəfindən respublikamızın hər bir rayonunda keçirilmiş ictimai dinləmələrdə yerli icra hakimiyyətlərinin, məhkəmə, prokurorluq və polis şöbələrinin rəhbərləri, bələdiyyələrin, qeyri-hökumət təşkilatları və KİV-in nümayəndələri, geniş ictimaiyyətlə yanaşı, dairə seçki komissiyalarının sədrləri də iştirak etmiş, səmərəli müzakirələr aparılmışdır. MFP-nin 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu bildirilib.
Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və əməkdaşlarının qarşıdakı seçkiləri də müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb.
MSK-nın təmsilçisi Şahin Əsədli qarşıdakı bələdiyyə seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini, Müvəkkilin seçki hüquqları sahəsində fəaliyyətini, Ombudsman təsisatının seçkilərin demokratik, ədalətli keçirilməsi prosesində iştirakını vurğulamış, monitorinqlərini yüksək dəyərləndirib, həmçinin seçki qanunvericiliyi və təcrübəsi ilə bağlı geniş məlumat verib. Habelə namizədlərin qeydiyyatı, beynəlxalq və yerli seçki təcrübəsi, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, MSK tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib.
Aparatın rəhbəri Ombudsmanın təkliflərini diqqətə çatdırmışdır. Belə ki, paytaxt və regionlarda seçki hüquqları ilə bağlı birgə maarifləndirmə işinin daha da genişləndirilməsinin, vətəndaşların seçki hüququ ilə bağlı təlimatların və yaddaş kitabçalarının seçkiqabağı təbliğat və təşviqatın aparılmasında əhəmiyyət kəsb etdiyini və hüquqi nəşrlərin daha təkmil işlənib hazırlanmasının, yayılmasının, şəhər və rayonlarda bələdiyyələri və icmaları cəlb etməklə əhali ilə bu istiqamətdə müntəzəm iş aparılmasının, dairə və məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətinin və seçici siyahılarının daha da təkmilləşdirilməsinin zəruriliyi önə çəkilib.
Əhalinin, xüsusilə qadınların ictimai fəallığının artırılması, seçkilərin mütəşəkkil keçirilməsi məqsədilə iştirakçılara seçki hüquqları üzrə nəşrlər təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB