"Zorakılıqların əsas səbəbi qadınların hüquqlarını bilməməsidir" Açıqlama
"Rəsmi statistikaya görə dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalır, eləcə də hər 3 dəqiqədə ən azı bir qadın öldürülür. Eyni zamanda, hər il dünyada 3-4 milyon qadın öz həyat yoldaşları tərəfindən döyülür. Ailə zorakılığının 95 faizinin qurbanı da məhz qadınlar olur. ABŞ, Kanada, İsrail, Avstraliya, Cənubi Afrika isə ən çox zorakılıq halları baş verən ölkələr sırasındadır". Bu fikirləri SİA-ya açıqlamasında "Qadın və Uşaqların Problemlərinin Araşdırılması" İctimai Birliyinin sədri Kəmalə Məmmədova deyib.
Onun sözlərinə görə, ölkəmizdə bu sahədə aparılan araşdırmalara gəlincə son 6 ay ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib, 17 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Bundan başqa, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadınlar olub".
O, həmçinin qeyd edib ki, Azərbaycanda məişət zorakılığı ilə əlaqədar fərman və sərəncamlar, qəbul edilən qanunlar və qərarlarla yanaşı, ictimai diskussiyalar və sosial maarifləndirmələr sözügedən problemin tənzimlənməsinə böyük təsir göstərmiş olur: "Bu mənada 5 illik təcrübəyə malik qurumumuzun məişət zorakılığı probleminin aradan qaldırılmasında sosial maarifləndirmə və effektiv təsiretmə layihələri diqqəti cəlb edir. Nəinki Azərbaycan, eləcə də bu gün inkişaf etmiş bir sıra dövlətlərdə məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır".
"Zorakılıqların baş verməsinin əsas səbəbi qadınların cəmiyyətdə hüquqlarını bilməməsi və sözügedən problemə laqeyd yanaşılmasıdır"- deyən İB-nin sədri əlavə edib ki, zorakılığa, qadın hüquqlarının tapdanmasına qarşı bir çox qanunlar mövcuddur: "1979-cu ildə BMT qadınlara qarşı zorakılığın, hər cür ayrı-seçkiliyin aradan qaldırılmasına aid konvensiya qəbul edib. 1981-ci ildə bu konvensiyaya 21, indiyədək isə 181 ölkə qoşulub. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda da bu problemə qarşı ciddi mübarizə başlanıb. 1995-ci ilin iyununda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşulub".
"2010-cu ildə Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması da bu sahədə dövlət səviyyəsində atılan mühüm addım olub"- deyən Kəmalə Məmmədova vurğulayıb ki, İctimai Birlik Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Gənc qadınların məişət zorakılığı haqqında maarifləndirilməsi" adlı layihəsi çərçivəsində Şamaxı, İsmayıllı, Bərdə, Ağdam, Şirvan, Hacıqabul və digər rayonlarda gənc qadınlar arasında məişət zorakılığı haqqında geniş maarifləndirmə tədbirləri həyata keçirilib: "Tədbirlərə bütün yaş kateqoriyalarından olan qadınlar cəlb edilib, məişət zorakılığına aid maarifləndirici bukletlər paylanılıb, ehtiyac olduğu halda yerlərdə hüquqi və psixoloji yardımlar göstərilib. Azərbaycanda dövlət səviyyəsində məişət zorakılığına qarşı mübarizədə ardıcıl və səmərəli tədbirlər həyata keçirilir. Təsirli nəticələr əldə etmək üçün vətəndaş cəmiyyəti institutları daha da fəallaşmalı, sosial maarifləndirmə işlərini gücləndirməli və məişət zorakılığı probleminin minimuma endirilməsi işinə öz töhfəsini verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB