Ümumdünya Gömrük Təşkilatı Bakıda təlim keçirir FOTO

Ümumdünya Gömrük Təşkilatı Bakıda təlim keçirir FOTO

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Konteyner daşınmalarına nəzarət" layihəsi çərçivəsində təlim başlayıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi bu layihə üzrə təşkil olunan təlimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan gömrük orqanlarının əməkdaşları iştirak edirlər.

Təlimin işə başlaması münasibətilə keçirilən açılış mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev "Konteyner daşınmalarına nəzarət" layihəsi haqqında məlumat verib. Azərbaycan Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı hazırda dünyada daşınmaların 90%-nin konteynerlər vasitəsilə aparıldığını və bunun da yalnız 2%-nin gömrük nəzarətindən keçdiyini qeyd edib.

Baş İdarənin rəisi ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Xəzərdə ən böyük liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələrin hesabına yaxın gələcəkdə regionda yük daşımalarının həcminin artırılmasının gözlənildiyini vurğulayaraq, bunun da öz növbəsində, gömrük sahəsində hüquqpozmaların, o cümlədən, narkotik qaçaqmalçılığı hallarının artması təhlükəsini yaradacağına diqqət çəkib. G. Muradlı bu baxımdan, sözügedən sahədə risklərin azaldılması işində "Konteyner daşınmalarına nəzarət" layihəsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Daha sonra ÜGT-nin nümayəndələri Peter Timmermans, Cesar Sohiaffino və DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov layihənin məqsəd və əhəmiyyəti barədə məlumat xarakterli çıxış ediblər. Təlim 5 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə