4 minə yaxın zəvvar oktyabrın 15-nə kimi vətənə dönəcəklər

4 minə yaxın zəvvar oktyabrın 15-nə kimi vətənə dönəcəklər

"Bu il Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlarımızın müqəddəs missiyası başa çatıb. Belə ki, azərbaycanlı zəvvarlar Həcc ayinlərini Məkkədə bitirərək Həzrət Muhəmmədin (s) qəbri-şərifini ziyarət etmək üçün artıq oktyabrın 9-dan Mədinə şəhərinə yola düşməyə başlayıblar. Qeyd edilən səfər Həcc ziyarətinin vacib şərtlərindən olmasa da bu, hər il hacıların öz arzusu ilə həyata keçirilir". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

Onun sözlərinə görə, zəvvarlarımızın vətənə qayıdışı isə oktyabrın 11-dən etibarən mərhələli şəkildə həyata keçirilir. O, həmçinin əlavə edib ki, Suriyada baş verən hadisələri və regionda İŞİD terror təşkilatının yaratdığı təhlükəni nəzərə alan Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə səfərləri bu il də yalnız təyyarə reysləri ilə təşkil edib.

Xatırladaq ki, Həcc ziyarətinə bu il Azərbaycandan 4 minə yaxın zəvvar gedib. Sentyabrın 23-də Azərbaycandan ilk mərhələdə 375 zəvvar Həcc ziyarətinə yola düşmüşdü. Gediş 23-28 sentyabr, qayıdış isə 11-15 oktyabr tarixlərinə nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə