Səbail rayon İH 9 ayın hesabatını verdi

Səbail rayon İH 9 ayın hesabatını verdi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub. SİA-nın xəbərinə görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf edib, ümumi daxili məhsul 2,5 % artmış, qeyri-neft sektorunda inkişaf 6, inflyasiya cəmi 1,5% səviyyəsində olmuş, əhalinin pul gəlirləri 5,4% artıb.

Onun sözlərinə görə, ilin əvvəlindən ölkəmizin maliyyə resursları 3 milyard 600 milyon dollar artaraq 53 milyard dollara çatıb ki, bu da ölkə başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir: "Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 16 milyard 931,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilib. Nəqliyyat müəssisələri tərəfindən 350,5 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,4 % çoxdur. Rabitə müəssisələri tərəfindən 156,1 milyon manatlıq və ya keçən ilin müvaifq dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 939,7 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100% təşkil edir. Tikinti quraşdırma işlərinə yönəldilən investisiyanın həcmi 1 milyard 627,0 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 55,3 % çoxdur. Yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 220,6 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,2 % çox istehlak malları satılıb. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 294,5 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da əvvəlki ilin yanvar-iyun aylarından 2,7 % çoxdur.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində əhaliyə 78,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28,6 % çox iaşə xidmətləri göstərilib. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,7 % artaraq 294,5 milyon manat olub. 2014-cü ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113001 nəfər, orta aylıq əmək haqqının məbləği isə 967,3 manat olub ki, bu da keçən illə müqayisədə 0.9 % çoxdur. 9 ay ərzində Səbail rayonu ərazisində 1383 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.

Hesabat dövrü ərzində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binası istifadəyə verilib, 2 saylı şəhər poliklinikasında, "Turac" uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiya şəbəkəyə qoşulub və Badamdar qəəsəbəsində yeni İdman Kompleksinin və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.

Ha­zır­da rayon ərazisində Su İdmanı sarayının, "Alov qüllələri" kompleksinin, "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, yeni "İnterkontinental" mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri və yeraltı keçidin tikintisi, İncəsənət muzyenin əsaslı təmiri, Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, Neftçilər prospektində İdman Oyunları Sarayının (Əl Oyunları sarayı) əsaslı təmiri davam edir.

Əliyev Fondunun nəcib təşəbbüsü ilə Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir-yenidənqurma işləri aparılıb, sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı "Könül" körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki 35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsi 1 və 2, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılıb, Üz.Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129, Bülbül prospekti 3 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb.

Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib.

Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.

2014-cü ilin 9 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 344 ailə (1334 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunmuşdur.

Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13189 nəfər təqaüdçülərə ilin 9 ayı ərzində 29.403,2 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.

Səbail rayon Məşğulluq Mərkəzində ilin 9 ayı ərzində 753 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub, "Ərazi Məşğulluq Proqramı"na əsasən 20 nəfər iş axtaran vətəndaş üçün "İngilis dili", 20 nəfər üçün "Kompyuter istifadəçisi", 12 nəfər üçün "Xalçaçı", 12 nəfər iş axtaran vətəndaş üçün "Aşbaz köməkçisi", 12 nəfər iş axtaran vətəndaş üçün "Qazanxana maşinisti" və 16 nəfər üçün isə "Kompyuterçi dizayner" peşə kursları açılıb, "Əmək yarmarkasında" 8 nəfər daimi işlər təmin olunub.

Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunub. Cəbhə xəttində xidmət edən əsgərlərimizin məişət şəraitinin yaxşılaşdırılması üçün 10 ton sement, 10 kub metr taxta və 100 ədəd şifer verilib.

Avqust ayında 250 nəfər yeniyetmənin Quba rayonunda "Şahinlər" və 100 nəfər yeniyetmənin Qusar rayonunda "Gənc Heydərçilər" yay istirahət düşərgələrində pulsuz istirahəti təşkil olunub, RİH-nin dəstəyi ilə 4 nəfərin həcc ziyarətinə göndərilib.

Təhsil sahəsində əldə olunan nailiyyətlərlə əlaqədar Prezidentin sərənsamı ilə Müəllim günü ərəfəsində rayon orta məktəblərinin 3 nəfər müəllimi "Əməkdar müəllim" fəxri adına və 4 müəllim "Tərəqqi" medalına layiq görülüblər.

Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilib, ümumilikdə isə 9 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 12767 olub.

Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayevə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, dövlət başçısının sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı alan və "Tərəqqi" medalı ilə təltif olunan rayon pedaqoji işçilərinə RİH-nin qiymətli hədiyyələri təqdim olunub.

İclasda RİH-nin şöbə müdiri Qabil Vahidov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova və başqaları çıxış ediblər.

İclasda əldə olunan nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə