Astaranın Kijəbə qəsəbəsində geniş abadlıq işləri görülüb

Astaranın Kijəbə qəsəbəsində geniş abadlıq işləri görülüb

Ötən əsrin 30-cu illərində salınmış Kijəbə qəsəbəsi indi ikinci gənclik dövrünü yaşayır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, son iki il ərzində qəsəbənin ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, yeni məktəb binaları, sosial obyektlər inşa edilib, yollar asfaltlaşdırılıb, infrastruktur layihələr həyata keçirilib. Qəsəbənin girəcəyində salınmış Bayraq meydanı ətrafa xüsusi yaraşıq verir. Sakinlərin arzusu nəzərə alınaraq qəsəbənin mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan gözəl, yaraşıqlı park istifadəyə verilib, Ümummilli Liderin büstü ucaldılıb. Əhalinin suvarma suyuna olan ehtiyacını təmin etmək üçün 1,5 km uzunluğunda su xətti çəkilib. Qəsəbə əhalisinə fasiləsiz elektrik enerjisi verilməsi məqsədilə yeni transformator quraşdırılıb, elektrik dirəkləri və xətləri dəyişdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması Kijəbə qəsəbə sakinlərinin də hədsiz sevincinə və ruh yüksəkliyinə səbəb olub. İndi qəsəbə sakinləri illərdən bəri həsrətində olduqları bu rahat yolla ucqar dağ kəndlərinə həvəslə gedir və bütün bunlara görə ölkə başçısına dərin təşəkkür və minnətdarlıqlarını ifadə edirlər.

Kijəbə qəsəbə mədəniyyət evində rayon İcra hakimiyyətinin başçısı Q.Ağayevlə sakinlərin səmimi görüşü olub.

Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Babayev rayon İcra hakimiyyətinin başçısının əhali ilə əvvəlki görüşündən sonra ərazidə görülən abadlıq və quruculuq işlərindən, səyyar qəbul zamanı qaldırılan təkliflərin yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsilimizin inkişafında nümunəvi xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülmüş qəsəbə sakini, Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi Teymur Fətullayev çıxış edərək ona göstərilən bu qayğı və diqqətə görə ölkə rəhbərinə dərin təşəkkür və minnətdarlığını bildirib. Qeyd edib ki, 2013-cü ildə Respublika Prezidentinin digər Sərəncamı ilə "İlin ən yaxşı müəllimi" adına, bu il isə yüksək mükafata layiq görülməyim ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının parlaq sübutudur. Ağsaqqal Nəsrəddin Teymurov öz çıxışında uzun illər əvvəl ulu öndər Heydər Əliyevin Kijəbə qəsəbəsinə dəfələrlə gəlişi və əhali ilə səmimi görüşləri barədə məlumat verərək razılıqla bildirib ki, Ümummilli Liderimizin adını daşıyan belə gözəl parkın salınması və büstünün qoyulması sakinlərimizin ürəyincə olub. Son iki ildə qəsəbədə aparılan yol-abadlıq işlərinə görə bütün sakinlərimiz ölkə başçısı İlham Əliyevə təşəkkür və xoş arzularını bildirirlər.

Səyyar qəbulda iştirak edənlər görülən işlərlə yanaşı bir sıra problemlərin həlli üçün tədbirlər görülməsi barədə təkliflər veriblər. Onlar Maşxan-Kijəbə, Qəcimardə-Tüləküvan-Ojəkəran avtomobil yollarının əsaslı təmiri, qəsəbədaxili avtomobil yollarının və kanalların qaydaya salınması, əhalinin içməli su və suvarma suyu ilə təmin olunması, elektrik xətlərinin təmiri və başqa problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Q.Ağayev görüşə yekun vuraraq çıxış edənlərin hamısına xoş sözlərə görə minnətdarlığını bildirib və qeyd edib ki, təkcə rayonumuzda deyil, bütün ölkədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə görə hamımız möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən hörmətli Prezidentimizin rəhbərliyi ilə müstəqil Azərbaycan ilbəil yüksək sürətlə inkişaf edir və qüdrətli dövlətə çevrilir.

İcra başçısı səyyar qəbula gələn sakinlərin qaldıqları problemlərin həlli ilə əlaqədar imkan daxilində lazımi tədbirlərin görüləcəyini qeyd edərək onu da diqqətə çatdırıb ki, qəsəbədaxili yolların və kanalların təmizlənməsi, sanitariya qaydalarının pozulması hallarının qarşısının alınması üçün sakinlər özləri də fəallıq göstərməli, aidiyyəti təşkilatlara yaxından köməklik etməlidirlər. Maşxan-Kijəbə avtomobil yolunun təmiri, sıradan çıxmış elektrik dirəklərinin dəyişdirilməsi, suvarma xəttinin daha 300 metr artırılması məqsədilə yaxın günlərdə tədbirlər görüləcəkdir. Təkcə qəsəbənin deyil, Astara şəhərinin, ayrı-ayrı kəndlərin əhalisinin içməli su ilə təmin olunması məqsədilə yaxın zamanlarda Xanbulandan rayonumuza su xəttinin çəkilməsi nəzərdə tutulub.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbə sahə xəstəxanasında aparılan əsaslı təmir işləri ilə maraqlanıb, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə