Suraxanı rayonunda çağırışçı gənclər həqiqi hərbi xidmətə yola salınıblar
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, oktyabrın 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsində toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.
Oktyabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin, Xidmətin rayon idarəsinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev parkında çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir təşkil olunub.
Mərasim iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib və önünə tər çiçəklər düzüblər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək hərbi xidmətə yola salınan gənclərə təbriklərini çatdırıb. O, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Natiq əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, Vətəni qorumaq naminə ölkəmizin sabitliyinin və inkişafının qarantı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşmək hər bir gəncin həm vətəndaşlıq borcu, həm də mənəvi vəzifəsidir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Qurban Şirinov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov, rayon Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev çıxışlarında bildiriblər ki, mənfur düşməni hər an məhv etməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri güclü maddi-texniki bazaya malikdir. Regionun ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordusu olan Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Böyük Vətən və Qarabağ müharibələri veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü mərdliklə qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Sonda çağırışçı gənclər Azərbaycan bayrağını öpüb müqəddəs "Qurani-Kərim"in altından keçərək musiqi sədaları altında ordu sıralarına yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB