“Maneəsiz Bakı” adlı dəyirmi masa keçirilib

Səlim Müslümov: “Sosial xidmətlər tamamilə QHT-lərə verilə bilər”
“Maneəsiz Bakı” adlı dəyirmi masa keçirilib

Bu gün ADA Universiteti və UNİCEF-in təşkilatçılığı ilə "Maneəsiz Bakı" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ADA Universitetin rektoru, səfir Hafiz Paşayev universitetin "Maneəsiz Bakı" təşəbbüsünə qoşulmağını mühüm addım kimi qiymətləndirib.

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, infrastruktur əlilliyi olan insanlara uyğunlaşdırılmalıdır: "Bu, çox mühüm məsələdir. Çünki, cəmiyyətin bütün üzvləri eyni hüquqlara malikdirlər və sağlamlığından asılı olmayaraq, hər bir şəxs üçün əlçatan olmalıdır".

Azərbaycanda əlillərin hüquqlarının müdafiəsi sahəsində yeni qanun layihəsi hazırlanıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün müvafiq orqanlara təqdim edilib. Eyni zamanda, BMT-nin Әlillərin Hüquqlarının Müdafiəsi Komitəsinə göndərilib.

Nazir deyib ki, görmə qabiliyyəti zəif olan şəxslər üçün hava limanı, avtovağzal, dəmiryol vağzalları və ümumi ictimai istifadədə olan obyektlərdə xüsusi zolaqların qoyulmasına başlanılacaq: "Artıq, Nazirlik və "ASAN xidmət" məsələ ilə bağlı hökumətə birgə müraciət edib və artıq müsbət cavab alınıb".

S. Müslümov qeyd edib ki, məsələyə QHT-lər də diqqəti artırılmalıdır: "Bu il QHT-lərə 1 milyon 900 min manatdan artıq sosial sifarişlər verilib. Qarşıdakı illərdə bunu daha da artıracağıq. Nazirliyin yerli təşkilatları tərəfindən həyata keçirilən sosial xidmətlərin tamamilə QHT-lərə verilməsi barədə fikirləşirik. Bu da son dərəcə vacibdir".

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilaxadze isə çıxışında bildirib ki, "Maneəsiz Bakı" təşəbbüsü nəinki xüsusi ehtiyacları olan uşaqların, habelə əlilliyi olan anaların, ahıl insanların və fəhlələrin həyatlarında kəskin dönüş yaradacaq.

UNİCEF-in beynəlxalq eksperti, kanadalı doktor Kollin Haqs mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib.

Qeyd edək ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, millət vəkili Hadı Rəcəbli və digər şəxslər mövzu ilə bağlı çıxış ediblər.

Sonda Bakı Əlçatanlıq Bəyannaməsi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə