Azərbaycan-Rusiya münasibətləri ilə bağlı “dəyirmi masa” keçiriləcək

Azərbaycan-Rusiya münasibətləri ilə bağlı “dəyirmi masa” keçiriləcək

Moskvadakı Azərbaycan diasporunun rəhbərlərinin və Rusiya Dövlət Duması deputatlarının təşəbbüsü ilə Azərbaycan-Rusiya münasibətlərinin daha dərindən araşdırılması məsələlərini müzakirə etmək üçün oktyabrın 10-da Dövlət Dumasında "dəyirmi masa" keçiriləcək.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutundan bildiriblər ki, tədbirdə müzakirə olunacaq məsələlər arasında Azərbaycan ərazisinə digər xalqların köçürülməsi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlərində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İradə Bağırova, Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevdən ibarət elmi heyət "dəyirmi masa"da iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə