İtaliyanın Milan şəhərində 64-cü Beynəlxalq Fenomenologiya Konqresi keçirilib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dünya Fenomenologiya İnstitutu tərəfindən "Eko-fenomenologiya - həyat, insan həyatı və postinsan həyatı kosmosun harmoniyasında" mövzusunda keçirilən Beynəlxalq tədbirdə Azərbaycanı AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi Könül Bünyadzadə və Azərbaycan Universitetinin müəllimi Sədaqət Əliyeva təmsil ediblər.
Konqresin Elmi Təşkilat Komitəsinin üzvü S. Xəlilov açılış mərasimində çıxış edərək fenomenologiyanın yeni inkişaf perspektivlərindən bəhs edib, fenomenologiya ilə islam fəlsəfəsinin müqayisəli təhlilini verib.
Bölmə iclaslarında S. Xəlilov "Həyat situasiyası və holoqrafik yaddaş", K. Bünyadzadə "Mən – ilahi nurlanma və sosial reallığın kəsişməsində", S. Əliyeva "Ezoterizmin xronotopik tərkibi və düşüncə modelləri" mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, tədbirdə Dünya Fenomenologiya İnstitutunun "Springer" nəşriyyatında çap olunan illik məcmuəsi "Analecta Husserliana"nın yeni rəhbərliyi seçilib. S. Xəlilov və K. Bünyadzadə "Analecta Husserliana"nın redaksiya şurasına üzv seçiliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB