İnformasiya təhlükəsizliyi necə qorunur? SORĞU

İnformasiya təhlükəsizliyi necə qorunur? SORĞU

Prezident İlham Əliyevin ölkədə informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı müvafiq aidiyyəti qurumlara verdiyi tapşırıqlardan sonra KİV-lər bu istiqamətdə hansı əməli tədbirlər görüb? SİA məsələ ilə bağlı bəzi media kapitanlarının fikirlərini öyrənib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq hər zaman aktual məsələdir. Nəzərə alsaq ki milli təhlükəsizliyin obyekti cəmiyyət və onların milli-mənəvi dəyərləridir, deməli informasiya təhlükəsizliyi indiki mərhələdə daha önəmli məsələdir. Ona görə də müvafiq sərəncam bir daha Azərbaycan cəmiyyətini təşkil edən əsas ünsürlərin səfərbər olunması və bunun informasiya, eləcə də milli təhlükəsizliyə yönəlməsini təmin edən vasitələrdən biridir. Odur ki, bu gün Azərbaycan mətbuatının üzərinə çox ciddi vəzifələr düşür. Çünki ölkəmiz hələ də müharibə şəraitində yaşayır. Hesab edirəm ki, avqust ayında keçirilən müşavirədə qaldırılan məsələlər mətbuatın diqqət edəcəyi əsas nüanslar idi. Bu da o deməkdir ki, Azərbaycan mətbuatı yenidən öz məsuliyyətini dərk etməli və bütün məsələlərə hüquqi kontekstdən yanaşmalıdır. Bu, hazırkı mərhələdə mili maraqlarımızın qorunması üçün olduqca vacibdir".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: " Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı Azərbaycan dövlətinin bütün istiqamətlərdə təhlükəsizliyinin təmin edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İstər akademik Ramiz Mehdiyevin yanında KİV rəhbərləri ilə keçirilən görüşdən, istərsə də Prezidentin sərəncamından sonra peşəkar media qurumlarının redaksiyalarında geniş müzakirələr aparılıb, yaranmış vəziyyət təhlil olunub. Bunun nəticəsində informasiya təhlükəsizliyi sahəsində mövcud olan boşluqların aradan qaldırılması ilə bağlı Mətbuat Şurası da öz təkliflərini hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim edib. Bu məsələdə ölkənin cüzi istisnalar olmaqla demək olar ki, bütün media qurumları eyni mövqedən çıxış edirlər. Azərbaycanın dövlət və milli maraqlarına, vətəndaşların şəxsi həyatlarının təhlükəsizliyinə münasibətdə diqqətli olmaq KİV-in əsas vəzifələrindən biridir. Jurnalist yazdığı hər sözə görə tək qanun qarşısında deyil, eyni zamanda vətəndaşı olduğu dövlət, mənsub olduğu xalq və öz vicdanı qarşısında məsuliyyət daşıyır. Əslində bu məsuliyyət bəzilərinin iddia etdiyi kimi, söz azadlığını məhdudlaşdıran bir amil deyil, jurnalist peşəsinə şərəf gətirən, onun dəyərini, cəmiyyətdəki rolunun əhəmiyyətini artıran bir faktordur.

Məsələyə bu kontekstən yanaşanda əsl mahiyyəti ortaya çıxır. Cəbhə bölgəsində yaranmış gərginlik zamanı bir neçə KİV-in buraxdığı səhvləri sadəcə onların səhvi kimi qiymətləndirmirəm. Bu, bütövlükdə medianın problemidir və bunun aradan qaldırılması istiqamətində bütün KİV-lər həmrəylik nümayiş etdirməlidirlər. Baş verənlərdən əksər mətbuat orqanları ciddi nəticə çıxarıblar. Nəticə çıxarmayanlar isə "KİV haqqında" qanundan sui-istifadə edən, öz şəxsi ambisiyalarını, təmsil etdikləri siyasi dairələrin maraqlarını milli maraqlardan üstün tutan şəxslərdir. Bu səbəbdən də onları jurnalist adlandırmaq doğru olmazdı. Düşünürəm ki, belələrinə münasibətdə hüquqi müstəvidə davranış sərgiləmək lazımdır. Bir sözlə, qanunvericiliyi KİV-də yaranmış hər hansı bir problemin daha çevik şəkildə aradan qaldırılmasına uyğunlaşdırmaq lazımdır".

Şərq qəzetinin baş redaktoru Akif Aşırlı: "Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərləri ilə keçirilən müşavirədə ölkənin ən nüfuzlu KİV təmsilçiləri iştirak edirdi və orada informasiya təhlükəsizliyi ilə bağlı məqamlar açıq şəkildə müzakirə olunmaqla yanaşı, bir sıra önəmli təkliflər səsləndirildi. Eyni zamanda müşavirədən sonra Prezident İlham Əliyevin imzaladığı mövcud sərəncamdan irəli gələn tapşırıqlar yerində verilən qərar idi. Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan, ilk növbədə ölkənin təhlükəsizliyi məsələsi diqqətdə saxlanılmalıdır. Hər bir ölkə öz informasiya təhlükəsizliyini lazımi formada təmin etməlidir. Məxsusi olaraq da jurnalistlər bu istiqamətdə daha diqqətli olmalıdırlar. Hər bir jurnalistin vəzifəsi təhlükəsizliyi qorumaqdır. Ümumilikdə götürsək, adıçəkilən müşavirədən sonra mətbuatda bu sahədə xeyli irəliləyişlər müşahidə olunur. Qeyd etmək lazımdır ki, çap mediasında informasiya təhlükəsizliyi əzəldən diqqət edilən prosesdir. Sadəcə onlayn mediada bəzi problemlər var idi. Lakin hesab edirəm ki, maarifçilik istiqamətində işlərin müsbət təsirini müşahidə etmək mümkündür".

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev: "Bu məsələdə söhbət ayrı-ayrı mətbuat orqanlarının, qəzetlərin, saytların fəaliyyətinə şəxsi məsuliyyət hissi ilə yanaşmasından gedə bilər. Bu gün hələ də qanunvericilikdə zəruri dəyişikliklər edilməyib. Təbii ki, prezidentin sərəncamında da vacib olaraq qeyd olunub ki, həm "Dövlət dili haqqında", həm də "Hərbi vəziyyət haqqında" və digər qanunlarda zəruri dəyişikliklər olunmalıdır. Bu gün mövcud qanunverilikdə dəyişiklik baş verməyibsə, deməli ayrı-ayrı media orqanları öz peşə fəailiyyətinə fərdi məsuliyyət hissi ilə yanaşmalıdır. Bu konteksdə apardığım müşahidələrə görə vəziyyət hazırda pis deyil və müşavirədə qaldırılan məsələlərlə bağlı media orqanları öz üzərlərində məsuliyyəti dərk etməyə başlayıblar.

Fikir versəniz görərsiniz ki, bəzi KİV nümayəndələri bu həftələrdə təmas xəttində ermənilər tərəfindən qətlə yetirilən əsgərlərlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadan xəbər yaymaqdan çəkinirlər. Düşünürəm ki, qanunvericilikdə də müəyyən dəyişikliklər edildikdən sonra məsələnin digər tərəfi aydınlaşır. Beləliklə, media orqanlarının bu məsələdə öz fərdi məsuliyyətlərini necə başa düşməsi məlum olacaq. Sözsüz ki, müəyyən cəzalandırmalar və cinayət məsuliyyətinə cəlb olunanlar da olacaq. Eyni zamanda media orqanlarının fəaliyyətlərinin dayandırılması halları da qaçılmazdır. Bu zaman tam şəkildə mənzərini görə biləcəyik. İnanıram ki, nəticə sonda pozitiv olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə