Ombudsman bayram münasibətilə ahılları təbrik etdi

Ombudsman bayram münasibətilə ahılları təbrik etdi

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin ahılların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşaviri Y.Cəfərova və təsisatın əməkdaşı F.Həmzəyeva Ombudsmanın tapşırığı ilə Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionata gedərək sakinlərlə görüşüb və onlar üçün Beynəlxalq Ahıllar günü münasibətilə hazırlanmış tədbirə qatılıblar. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Y.Cəfərova tədbirdə çıxış edərək Ombudsmanın həm Qurban bayramı, həm də ahılların yeni korpusa köçürülmələri münasibətilə təbriklərini çatdırıb və bildirib ki, ölkə Prezidentinin qayğısı nəticəsində pansionatın yeni korpusu inanılmaz dərəcədə yaraşıqlı, geniş və rahatdır və hər bir sakin son model mebellərlə bəzədilmiş otaqla, cütlüklər isə iki otaqlı mənzillə təmin olunublar. Müvəkkilin nümayəndəsi qeyd edib ki, Ahılların hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramının yeni layihəsi Ombudsman Aparatının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı nəticəsində hazırlanıb. Proqramda böyüyə hörmət hissinin aşılanmasında ahılların potensialından, milli-mənəvi dəyərlərdən istifadə etməyin vacibliyi nəzərə alınıb. Bu proqram ahılların bilik və bacarığından bəhrələnmək, nəsillər arasında varislik əlaqəsini, müsbət ənənələri yaşatmaq baxımından da faydalıdır.

Qeyd olunmalıdır ki, Ombudsman əlamətdar bayramlar münasibətilə ahıllar üçün bayram süfrəsi açır, mədəni tədbirlər və ziyarətgahlara səfərlər təşkil edir. Elmira Süleymanova tərəfindən hələ 2001-ci ildə yaradılmış, ölkəmizdə analoqu olmayan Ahılların Resurs Mərkəzində ahıllara təmənnasız hüquqi, tibbi və psixoloji yardım göstərilir, onlar fəal həyata cəlb edilir, yaşlı nəsillə gənclər arasında varislik əlaqələri, ünsiyyət körpüsü yaradılır.

Müvəkkilin Ahılların Resurs Mərkəzində Qurban bayramı münasibətilə bayram süfrəsi təşkil olunmuşdur. Mərkəzin 94 yaşlı yeni üzvü belə bir ocağa qatıldığına görə Elmira xanıma öz təşəkkürünü bildirib..

Ahıllar onlara göstərilən qayğıdan razılıq edib, vəziyyətləri ilə maraqlandığı üçün Müvəkkilə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, pansionatın 170 nəfərlik yeni korpusu istifadəyə verilib, köhnə korpus əsaslı təmir olunmaqdadır. Pansionata artıq qaz xətti də çəkilib.bu da korpusların istilik sistemi ilə təmin olunmasına və sakinlərin razılığına səbəb olub. Hazırda pansionatda dövlət təminatında 164 ahıl vətəndaş yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə