Gənc qadınlar maarifləndi

"Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi" Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gənclər Poçtu: Gənc qadınlar üçün nümunəyi mülki təşəbbüs birliklərinin təşkili" layihəsi çərçivəsində Gəncə, Göygöl, Samux və İsmayıllı rayonlarında tədbir keçirib. Birlikdən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən layihə direktoru Etibar Əsədov bildirib ki, müasir dövrdə qadınlara qarşı olan diskriminasiya və zorakılıq hallarının aradan qaldırılması, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi özünəinamının artırılması istiqamətində hökumət tərəfindən davamlı addımlar atılmağına baxmayaraq bu sahədə mövcud problemlər qadınların cəmiyyətdə hökm sürən mənfi steriotiplərlə mübarizəsini çətinləşdirir. Bu baxımdan həyata keçirilən layihə mühüm əhəmiyyət kəsb edir.

E.Əsədov layihə barəsində danışarkən qeyd edib ki, əsas hədəf ucqar regionlarda intellektli və potensiallı gənc qadınlardan istifadə edərək vətəndaş cəmiyyətinə keçid prosesinə stimul verməkdir.

Tədbridə çıxış edən ekspert Hüseyn İbrahimov qeyd edib ki, bu qurum gənc qadınların rəy və təşəbbüslərinin müzakirəsi, onların ehtiyac və imkanlarının öyrənilməsi, yerli hakimiyyətin gənc qadınlarla bağlı gördüyü və görəcəyi işlər haqqında informasiyaların əldə olunması və ötürülməsi baxımından əhəmiyyətli ola bilər: "Digər tərəfdən yerli gənc qadınlar üçün yaradılan Gənclər Poçtu yerli gənc qadınlar - yerli icra hakimiyyəti - bələdiyyələr arasında koordinasiyanın yaradılmasına, çoxtərəfli diskussiyaların təşkil olunmasına və informasiyaların mübadiləsinə şərait yarada bilər. Təklif olunan ideya gənc qadınlara qərarqəbuletmə gücünün artırılması, ortaq nöqteyi-nəzərlərin axtarışı, dialoq mühitinin yaradılması, konflikt və gərginliklərin azaldılmasını, son nəticədə isə mülki cəmiyyət quruculuğu yolunda yerli gənc qadınlar arasında sivil mədəniyyətin inkişaf etdirilməsini nəzərdə tutur".

Ekspert Hüseyn İbrahimov onu da qeyd edib ki, layihə çərçivəsində hər rayonda 5 nəfər könüllüdən ibarət Koordinasiya Qrupu yaradılacaq. Bu qrup məlumatların toplanması və təhlili metodlarının hazırlanması və yerli gənc qadınların kollektiv fəaliyyətinin prinsiplərinin formalaşdırılması, vətəndaş cəmiyyəti ilə bağlı bilik və informasiyaların, mülki cəmiyyətlə bağlı çap vasitələrini yerli gənc qadınlar arasında yaymaq işini həyata keçirəcək: "Gənclər Poçtu" Koordinasiya qrupu üzvlərinin yerli hakimiyyət nümayəndələri ilə "Zərif Təmas" adlı görüşlərinin keçirilməsi nəzərdə tutulur".

Sonda Gəncə, Samux, Göygöl və İsmayıllıda Koordinasiya Qrupu yaradılıb. Qrup üzvlərinin qısa zamanda yerli icra hakimiyyəti orqanları ilə görüşlərinini keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə