Akif Əlizadə: "Kütləvi qırğın silahlarından imtina yerinə, onlara sahib olmaq istəyirlər"

Akif Əlizadə: "Kütləvi qırğın silahlarından imtina yerinə, onlara sahib olmaq istəyirlər"

"Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənəvi olaraq 4-cü ildir ki, öz qapılarını dünyanın müxtəlif ictimai, elmi təbəqələrini təmsil edən insanların üzünə açır. Bu o deməkdir ki, humanitar aspektli mövzuların dərindən müzakirəsinə böyük ehtiyac var və hər il olduğu kimi, builki forumda da bu tələbləri tam mənasında müzakirə etməyə hazırdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Forum çərçivəsində "Texnologiyaların konvensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, XXI əsrdə yaşamağımıza baxmayaraq, yer kürəsində hələ də münaqişələr, müharibələr səngimək bilmir, torpaqlar zəbt edilir, insanlar, dil, din, mədəni və ictimai mənsubiyyətlərini əsasında torpaqlarından sürgün edilir, öldürülür: "Elmi nailiyyətlər yeni silahların yaradılmasına doğru yönəldilir, kütləvi qırğın silahlarından imtina yerinə, hələ də onlara sahib olmaq uğrunda mübarizə aparılır. XXI əsrdə biz hətta kimyəvi silahların dinc əhaliyə qarşı istifadəsinin şahidi oluruq. Təbabət elminin əldə etdiyi böyük uğurlara baxmayaraq, bu gün də bir çox regionlarda insanlar müxtəlif xəstəliklərə, epidemiyalara, quş qripinə, ebola virusuna, vəba xəstəliyinə qarşı mübarizə aparırlar. Bir sözlə, bəşəriyyətin çoxmədəniyyətli bir cəmiyyətdə dinc, mehriban, qardaş kimi yaşamağa, əldə olunan elmi nailiyyətləri və yüksək texnologiyaları yalnız sivil inkişaf uğrunda istifadə etmək imkanına malik olmasına böyük ehtiyacı var".

Akif Əlizadə bildirib ki, forumun ənənələrinə sadiq qalaraq "Texnologiyaların konvensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" adlı dəyirmi masa ətrafında toplaşmışıq: "Bu gün müzakirə edəcəyimiz mövzular olduqca aktualdır. Belə ki nüvə texnologiyaları bizim həyatımıza XIX əsrin sonlarında Nobel mükafatı laureatı Anti Beer tərəfindən kəşfi ilə daxil olub və sürətlə inkişaf edərək, səhiyyədən siyasətə kimi hər bir sahədə aparıcı rol oynamaqdadır. Bildiyiniz kimi, bu gün nüvə təbabəti, ya da nüvə texnologiyalarına əsaslanan təbabət, bizə bir çox xəstəliklərlə uğurla mübarizə aparmağa imkan yaradır".

"Bu gün bədxassəli şişlərlə məhz radioterapiya vasitəsilə mübarizə aparmaq olar. Bundan başqa, bu gün bütün dünyada elektrik enerjisinin 15%-dən çoxu nüvə enerjisi vasitəsilə istehsal edilir. Lakin nüvə enerjisi, ya da nüvə reaktoru texnologiyası bu istehsal zamanı, təhlükəsizlik baxımından həmişə bizi çətin sınaqlar qarşısında qoyur. Çernoqoriya, ya da Yaponiyadakı Fukusima qəzası buna misaldır. Bəşəriyyət bu sınaqlar qarşısında yeni təcrübələr əldə edərək, texnologiyaların konvensiyası əsasında nüvə enerjisindən daha təhlükəsiz istifadə yollarını tapmalıdır. Biz də bu gün dəyirmi masa ətrafında nüvə və bərpa oluna bilən enerjilərin konvensiyasını, nano və biotexnologiyaların bu konvensiyada rolunu və bununla əlaqədar digər məsələləri müzakirə edəcəyik"- deyə, AMEA-nın prezidenti məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə