Azərbaycan ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə təmsil olunub

Azərbaycan ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşündə təmsil olunub

Xəbər verildiyi kimi, bu günlərdə Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə İllik görüşü keçirilib. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı 23-29 sentyabr 2014-cü il tarixlərində həmin beynəlxalq tədbirdə iştirak edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, gündəliyə əsasən, illik görüşdə demokratik seçkilər, informasiya və media azadlığı, ifadə və birləşmək azadlığı, milli insan hüquqları institutları və vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, işgəncələrin qarşısının alınması, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanların yaradılması, qadınlara və uşaqlara qarşı zorakılığın aradan qaldırılması və digər mövzulara həsr olunmuş işçi sessiyalar keçirilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirin milli insan hüquqları institutlarına həsr olunan 3-cü işçi iclasında, işgəncələrin qarşısının alınması məsələlərinə dair 4-cü işçi iclasında, insan alverinə qarşı mübarizə məsələləri üzrə 6-cı işçi iclasında, qadınlar və kişilər üçün bərabər imkanlarla bağlı 7-ci işçi iclasında, habelə qadınlara və uşaqlara qarşı zorakılığın aradan qaldırılması mövzusunun müzakirə olunduğu 8-ci işçi iclasında, ümumilikdə 5 işçi iclasda məruzə ilə çıxış edib.

Aparatın rəhbəri adı çəkilən sessiyalardakı çıxışlarında Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini, Ombudsman təsisatının səmərəli fəaliyyət göstərdiyini, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) icrası istiqamətində dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini, vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlığın qurulduğunu, bu sənədin təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə respublikamızın hər bir rayonunda ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb. Ombudsmanın təşəbbüsü ilə 18 iyun--Azərbaycanda İnsan hüquqları günü ərəfəsində dövlət qurumları və vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə "İnsan hüquqları" aylığının keçirildiyi vurğulanıb, Avropa Birliyinin Tvinning, TAİEX layihələri və Şərq tərəfdaşlığı proqramında Müvəkkil təsisatının fəal iştirak etdiyi bildirilib.

A.Səfixanlı tədbirin 4-cü işçi iclasındakı çıxışında ölkəmizin BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə" Konvensiyasına və Fakültativ Protokoluna, Avropa Şurasının "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına dair" Konvensiyasına qoşulduğunu söyləyib. BMT-nin İşgəncə əleyhinə komitəsinin Azərbaycanla bağlı irəli sürdüyü tövsiyələr əsasında ötən müddət ərzində respublikamızda bir sıra hüquqi islahatların həyata keçirildiyi, ölkə Prezidentinin 2009-cu il 13 yanvar tarixli Sərəncamı ilə BMT-nin adı çəkilən Konvensiyasının Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Ombudsmanın müəyyən edildiyi, işgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv qrupun yaradıldığı və səmərəli fəaliyyəti barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Çıxışda, həmçinin, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 4000-dən çox soydaşımızın əsir və girov götürülməsi, onların taleyi haqqında hər hansı bir məlumatın olmaması, öz doğma yurd yerini ziyarət etmək istəyərkən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülməsi, işgəncələrə məruz qalması, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun öldürülməsi, erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin, xüsusən uşaqların qətlə yetirilməsi, bütün bu qeyri-insani əməllərin beynəlxalq hüquqla qadağan olunması qeyd olunmuş, beynəlxalq təşkilatlara bu pozuntulara biganə qalmamaq tövsiyə olunub.

A.Səfixanlı digər çıxışlarında, ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, müvafiq olaraq, Azərbaycan Respublikasında 2004-2008 və 2009-2013-cü illər üzrə İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planlarının təsdiq edildiyini, "İnsan alverinə qarşı mübarizə" haqqında qanunun qəbul olunduğunu vurğulanıb. Müvafiq normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, ölkəmizdə bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmini məqsədi ilə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edildiyi, həmin sənədin implementasiyasında Ombudsmanın da fəal iştirak etdiyi diqqətə çatdırılıb.

Digər çıxışlarda həmçinin, ölkəmizdə gender bərabərliyinin təmini, qadınların və uşaqların hüquqlarının müdafiəsi sahəsində islahatlar barədə geniş məlumat verilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili siyasət, o cümlədən, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın kimsəsiz, valideyn himayəsindən məhrum olan, habelə ağır xəstəliklərə düçar olmuş uşaqların həyatının, sağlamlığının və təhsilinin yaxşılaşdırılması istiqamətində gerçəkləşdirdiyi mühüm tədbirlər nəzərə çatdırılmış Azərbaycanın bu sahədə digər dövlətlərə nümunə olduğu bildirilib.

Hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, ölkə Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının strateji məqsədinin respublikamızda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə çatmaqdan ibarət olduğu bildirilib. Konsepsiyada "Azərbaycan ailəsi Strategiyasi"nın, gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Uşaq Məcəlləsinin və Milli Uşaq Strategiyasının hazırlanmasının, "Ailə psixoloqu" institutunun, məişət zorakılığına məruz qalmış şəxslər üçün yardım mərkəzlərinin və sığınacaqların yaradılmasının nəzərdə tutulduğu vurğulanıb.

A.Səfixanlının hər 5 sessiyadakı çıxışları tədbirin rəsmi sənədləri sırasına daxil edilib və ATƏT-in rəsmi saytında yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə