Eldar İbrahimov: "Heydər Əliyev prezident seçilməklə qüdrətli Azərbaycan dövlətinin təməlini qoydu"
"Xalq o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət edilməsini, ölkənin siyasi hakimiyyətinə gəlməsini məqsədəuyğun saydı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə prezident seçilməsinə və bu tarixi hadisəyə şərh verərkən deyib.
Millət vəkili vurğulayıb ki, hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını belə əsirgəməyən Ulu Öndər Muxtar Respublikadan paytaxta gəlməklə xalqın ölməkdə olan ümidlərini özünə qaytardı: "1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi prezident seçdi və həmin seçimlə də bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkisindən üç ay öncə - iyunun 15-də xalq öz Ümummilli Liderini parlament sədri seçdi, həmin addımla da vətəndaş müharibəsinin qarşısı alındı. Ən başlıcası, ölkədə daxili sabitlik yarandı, insanların bir-birinə və dövlətə olan inamı bərpa edildi. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verildi. Nəticədə, Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycana 10 milyardlarla dollar gəlir gətirəcək "Əsrin müqaviləsi" imzalandı, bütün beynəlxalq təşkilatlara inteqrasiyamız təmin edildi, dünyanın aparıcı dövlətləri ilə münasibətlərimiz isə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırıldı. Müstəqillik dövründə ilk dəfə iqtisadi dirçəlişə nail olmağımız da məhz Heydər Əliyevin birinci prezidentliyi dövrünə - 1996-cı ilə təsadüf edirdi".
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həllinin zəruriliyi də beynəlxalq təşkilatlar səviyyəsində ilk dəfə 1996-cı ildə etiraf edildi", - deyə qeyd edən Eldar İbrahimov onu da vurğulayıb ki, ölkədə hüquqi islahatlara da həmin dövrdən başlandı: "1995-ci ildə müstəqil dövlətimizin ilk konstitusiyası qəbul edilərək, yeni parlament seçildi. Ümumiyyətlə, 1993-cü ilin oktyabrından 1998-ci ilin oktyabrına qədər Azərbaycanda həyata keçirilən tədbirlər belə deməyə əsas verirdi ki, oktyabrın 11-də Ulu Öndər Heydər Əliyevin qələbəsi şəksizdir. Proqnozlar özünü doğrultdu və Ümummilli Liderimiz Heydər Əliyev 76,1 faiz səs toplayaraq, yenidən Azərbaycanın Prezidenti seçildi".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB