Müstəqil Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasətin prioritetlərindən biri beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri və bərabərhüquqlu münasibətləri möhkəmləndirmək, bu münasibətləri yeni çağırışların tələblərinə uyğun olaraq qarşılıqlı hörmət və maraqlar prinsipi çərçivəsində davam etdirməkdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Zati-Aliləriniz tərəfindən uğurla davam etdirilən bu strategiya ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını getdikcə sürətləndirir. Bu baxımdan, yeni qlobal tarazlaşma proseslərində xüsusi geosiyasi çəkiyə malik olan Avropa İttifaqı ilə Cənubi Qafqaz geosiyasi məkanında sürətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdə olan Azərbaycan Respublikasının əlaqələrinin genişlənməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də öz fəaliyyətində Avropanın müvafiq qurumları ilə əlaqələrin qurulmasına xüsusi önəm verir.
Komitənin fəaliyyət istiqamətində ən mühüm əməkdaşlıq platformalarından biri BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGİM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. O, Üzv Ölkələr arasında və Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır.
Nazirlər Kabinetinin 17/17/548-22/25 saylı 3 mart 2014-cü il tarixli və 17/1833-22/25 saylı 07 may 2014-cü il tarixli göstərişlərinə əsasən BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsündə ölkəmizi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edir və komitə sədri Qərib Məmmədov Təşəbbüsün Asiya və Sakit Okean regional bölməsinin İcraçı Şurasının üzvü seçilib. 6-8 avqust 2014-cü il tarixlərində Nyu-York şəhərində (ABŞ) Təşəbbüsün Ekspertlər Komitəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti də iştirak etdiyi dördüncü sessiyasında BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsinin (UN-GGIM: Europe) təsis iclası 1 oktyabr 2014-cü il tarixində keçirilməsi qərara alınıb.
Moldova Respublikasının Kişinyov şəhərində baş tutan təsis iclasında Bölmənin İcraçı Komitəsinin sədri, müavini və üzvləri seçilmiş, həmçinin UN-GGIM: Europe Əsasnaməsi və Prosedur qaydaları qəbul edilib. UN-GGIM: Europe təşkilatının normativ sənədlərinə əsasən BMT-də qəbul olunmuş praktikaya görə həmin qurumda ölkəmizi yalnız bir təşkilat – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təmsil edəcək.
Bunula yanaşı, təsis iclasında vahid geodeziya istinad şəbəkəsinin yaradılmasını və xəritə məlumatlarının inteqrasiyasının təmin edilməsini özündə ehtiva edən Fəaliyyət Planı qəbul edilib.
Tədbir çərçivəsində keçirilən görüşlərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəşr olunan "Cənubi Qafqaz. 1903-cü il" xəritəsi, işğal altında olan ərazilərin xəritəsi və yenicə nəşr olunmuş "Azərbaycan Respublikasının Milli Atlası" aparıcı ölkələrin xəritəçəkmə qurumlarının rəhbərlərinə təqdim edilib. Qeyd olunub ki, Avropa İttifaqında məkan məlumatları infrastrukturunun yaradılması üzrə Avropa Parlamenti və Avropa İttifaqının 14 mart 2007-ci il tarixli 2007/2/EC Direktivinin 18-ci maddəsinə müvafiq olaraq Avropa ölkələrinin tam əksəriyyətində milli məkan məlumatları infrastrukturu üzrə hökumət orqanlarının koordinasiya qurumları yaradılıb. Ekspertlər tərəfindən Azərbaycanda da müvafiq əlaqələndirmə şurasının yaradılmasının zəruriliyi xüsusi vurğulanmışdır. Müvafiq şuranın yaradılması ölkəmizin dünya geoməkan məlumatlarının idarəolunması sisteminə qabaqcıl standartlar əsasında inteqrasiya olunmasına xidmət etməklə, yeni yaradılan BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Təşəbbüsünün Avropa Regional Bölməsində ölkəmizin mövqelərinin daha da güclənməsini təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB