Azərbaycan Prezidenti xalqımızı təbrik etdi

Azərbaycan Prezidenti xalqımızı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə xalqına təbrik ünvanlayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezident ölkə vətəndaşlarını dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edib, hər birinə ən səmimi arzu və diləklərini yetirib.

"Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.

Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!".

Bütün xəbərlər Facebook səhifəmizdə