1 oktyabr – Beynəlxalq Ahıllar Günü Lənkəranda təntənəli surətdə qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbirə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ahıl şəxslər qatılıblar.
Şəhərdəki "Veteranlar klubu"nda keçirilən tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək ahılları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Yaşlı nəslin problemlərinin həlli şəhər İcra hakimiyyətinin də daim diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan "Qızıl Aypara" Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.
Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup ahıla şəhər İcra hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunub.
Daha sonra tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli, Şuranın sədr müavini Sərhad Məmmədov, rayon Veteranlar Şurasının sədri Musarza Əzimov, Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev, rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildiriblər.
Sonda tədbir iştirakçılarına hədiyyələr və ərzaq yardımı verilib.
Şirniyyat stolu arxasında keçirilən tədbirdə rayonun incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB