“Narkotikaya aludəçilik yeniyetməni oğruya çevirir"

5 saylı liseydə maarifləndirmə tədbiri keçirilib
“Narkotikaya aludəçilik yeniyetməni oğruya çevirir"

"Dövrün bəlasına çevrilmiş narkomaniya artıq cəmiyyəti təhdid edir". SİA-nın məlumatına görə, bunu 5 saylı Bakı Peşə Liseyinin direktoru Fikrət Nəbiyev "Narkomaniyaya ilə mübarizə və sağlam həyat tərzi" adlı tədbirdə çıxış edərkən deyib. O bildirib ki, narkomaniyanın məktəbyaşlı gənclər arasından yayılması narahatlıq doğurur: "Cəmiyyəti dəhşətli fəlakətə aparan narkomaniya gənclər arasında geniş yayılıb. Cəmiyyətdə hər kəs, bu bəlaya qarşı mübarizədə üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir".

Onun sözlərinə görə, narkomaniyanın yayılmasının qarşısını almaq üçün məktəblə valideynlərin, hüquq mühafizə orqanlarının və bütövlükdə cəmiyyətin birgə əməkdaşlığına ehtiyac var.

Liseyin müəlim-şagird kollektivi qarşısında çıxış edən "Polisə Dəstək" İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev narkomaniyanın yaranma tarixi haqqında məlumat verib. QHT sədri deyib ki, dünyada narkomaniya o qədər təhlükəli hal alıb ki, artıq beynəlxalq təşkilatlar da həyəcan təbili çalır: "Dövlətlər bir araya gəlib terrorizmlə necə mübarizə aparırlarsa, narkomaniya ilə də eləcə mübarizə aparmaq lazımdır".

Azərbaycan dövlətinin narkomaniyanın yayılmasına qarşı effektiv mübarizə apardığını deyən Şəmsəddin Əliyevin sözlərinə görə, inzibati yollarla yanaşı, maarifləndirimə işlərinə də önəm verilməlidir.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva deyib ki, narkomaniya elə bir bəladır ki, heç kim ona yoluxmaqdan sığortalanmayıb:"İlk dəfə təbabətdə istifadə olunan narkotik vasitələri sonradan işbazlar gəlir mənbəyinə çeviriblər. Narkotikaya aludəçilik yeniyetməni oğruya çevirir, cinayətə sövq edir.".

Yeniyetmə yaşlarında övladları olan valideynlərə səslənən Leyla Yolçuyeva əlavə edib ki, nəzarətsiz qalan uşaq narkomaniyanın toruna daha tez düşə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə