Yaponiyanın Baş naziri Şinzo Abe Rusiya ilə dialoqu fəallaşdırmaq və münasibətləri milli maraqlara uyğun qurmaq niyyətindədir. Bu barədə Ş.Abe sentyabrın 30-da parlamentin aşağı palatasının plenar iclasında aparılan müzakirələr zamanı bəyanat verib.
Baş nazir Rusiya ilə dialoqu genişləndirmək niyyətində olduğunu, noyabrda Pekində keçiriləcək Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammitində hər iki ölkənin rəhbərlərinin görüşünün təşkili imkanından istifadə etməyə çalışacağını diqqətə çatdırıb. "Biz Yaponiya-Rusiya münasibətlərini milli maraqlara uyğun şəkildə quracağıq", - deyə o bildirib.
Cənub Kuril haqqında sualı cavablandıran Ş.Abe hökumətin əvvəlki mövqeyini bir daha təsdiq edib: "Biz dörd şimal adasının mənsubiyyəti məsələsini həll etmək üçün əzmlə çalışacaq və bu əsasda Rusiya ilə sülh müqaviləsinin imzalanmasına nail olacağıq".
Sentyabrın 26-da Rusiya Prezidentinin köməkçisi Y.Uşakov jurnalistlərə bildirib ki, noyabrın ortalarında Pekində təşkil olunacaq ASİƏ sammiti çərçivəsində Rusiya və Yaponiya rəhbərlərinin ikitərəfli görüşü keçirilə bilər.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB