Millət vəkili: "Kişi pencəyini götürüb yeni macəra axtarmağa gedir"

Millət vəkili: "Kişi pencəyini götürüb yeni macəra axtarmağa gedir"

Millət vəkili Fəzail Ağamalı Milli Məclisdə vətəndaş nikahında uşaq dünyaya gətirənlərin məsuliyyəti ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməsi təklifi ilə çıxış edib. SİA-nın xəbərinə görə, millət vəkili çıxışı zamanı bildirib ki, bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz.

"Əgər bu adamlar vətəndaş nikahında yaşayırlarsa, o zaman buna hər hansı rəmsi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır"- deyə, F. Ağamalı məsələ ilə bağlı fikirlərinə əlavə edib.

Millət vəkili onu da qeyd edib ki, bu uşaqların hüquqları qanunla tənzimlənmir: "Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir. Lakin bunun mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb yeni macəra axtarışına gedir. Qadın da uşaqla tək qalır. Buna görə də qanuna dəyişiklik edilməli, vətəndaş nikahında doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Bu kimi öhdəliklər olmadığı təqdirdə həmin 25 min uşağa potensial cinayətkar kimi qəbul etmək olar".

Millət vəkili deyir ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən himayə olunur, lakin bu qayğı hər kəsi əhatə edə bilməz: "Ata vətəndaş nikahından uşaq dünyaya gətirirsə, onun məsuliyyəti olmalı və uşaq 18 yaşına çatana qədər kömək etməlidir. Bu zərurətdən Ailə Məcəlləsinə dəyişiklik edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə