"Azərbaycanın balanslaşdırılmış siyasəti” Misir mətbuatında

"Azərbaycanın balanslaşdırılmış siyasəti” Misir mətbuatında

Misirin nüfuzlu Əl-Cumhuriyyə və Əl-Masr Əl-Yaum qəzetlərində, eləcə də bir sıra internet portallarında Azərbaycan Respublikasının bu ölkədəki səfiri Şahin Abdullayevin "Azərbaycanın balanslaşdırılmış siyasəti" sərlövhəli məqaləsi dərc edilib. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Ş.Abdullayev məqalədə "ADEX 2014" sərgisindən bəhs edib, bu sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb və belə bir mötəbər tədbirin keçirilməsinin təsadüfi olmadığını bildirib.
Səfir Azərbaycanın iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazandığını, buna baxmayaraq, qarşıda duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu və həmin münaqişənin regional və beynəlxalq sülhə təhlükə yaratdığını vurğulayıb. Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu vurğulayan diplomat, Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, mədəni, tarixi, həmçinin islam abidələrinin dağıdıldığını, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin təcavüzkar tərəfindən həmin qətnamələrin indiyədək yerinə yetirmədiyini diqqətə çatdırıb.
Azərbaycanın beynəlxalq əlaqələrinə, toxunan səfir bildirib ki, Azərbaycan Respublikası öz milli maraqlarına uyğun olaraq, qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, başqa ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında dünya ölkələri ilə əməkdaşlıq edir.
Ş.Abdullayev, eyni zamanda Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu, ölkəsinin İslam mədəniyyətində oynadığı rolu qeyd edib və bildirib ki, rəsmi Bakı üzv olduğu beynəlxalq təşkilatlarda ərəb və İslam dünyasının ədalətli mövqeyini dəstəkləyir.
Müəllif, həmçinin Azərbaycanın müstəqilliyinin ilk dövründən bəri şəffaf xarici siyasət həyata keçirdiyini, heç bir dövlətlə gizli əlaqələrinin olmadığını vurğulamış, eyni zamanda başqa dövlətin hərbi bazasının Azərbaycan ərazilərində olmadığını və öz hava məkanından digər dövlətə qarşı istifadə olunmasına heç bir şəkildə icazə verməyəcəyini vurğulayıb.
Məqalə ilə bu linkdə tanış olmaq olar:

Bütün xəbərlər Facebook səhifəmizdə