Cahangir Qocayev: "Müfəssəl planın sifarişçisi yerli icra hakimiyyəti orqanları və bələdiyyələr olacaq"
Abşeron yarımadasının quruluşuna və məskunlaşma meyillərinə baxsaq, Sumqayıt, Xırdalan, o cümlədən Bakı şəhərinin rayonları, ətraf qəsəbələri tədqiqat obyektinə ayrı-ayrılıqda cəlb edilə bilməz. Bu ərazilərə kompleks şəkildə baxılmalıdır. Ümumi yanaşmanın müsbət cəhətlərindən biri ondan ibarətdir ki, burada təkcə Bakının deyil, eyni zamanda, Sumqayıt və Xırdalan şəhərlərinin də inkişaf amilləri nəzərə alınıb. Bütün bunlar Böyük Bakının Regional İnkişaf Planında öz əksini tapıb.
Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas prioritetlər barədə müsahibəsində bildirib.
Sovet dövründə hazırlanan inkişaf planı ilə bugünkü plan arasında böyük fərqin olduğunu deyən C.Qocayev sxemdə əksini tapan bəzi məsələlərə toxunub: "Ərazi planlaşdırması və şəhərsalma ərazi idarəetməsinin əsasını təşkil edir. Sovet dövründə dövlət büdcəsindən maliyyələşmənin üstünlük təşkil etməsi və torpaq üzərində əsas etibarilə dövlət mülkiyyətinin mövcudluğu prinsipləri ilə hazırlanan planlaşdırma sənədi vardı. Ancaq müasir dövrdə torpaq üzərində mülkiyyət formaları dəyişib. Odur ki, planda dövlət mülkiyyəti də, bələdiyyə mülkiyyəti də, şəxsi mülkiyyət də nəzərə alınıb. Şəxsi mülkiyyət hazırda regional inkişaf planında xüsusi yer tutur. Məqsəd ondan ibarətdir ki, insanların malik olduğu ərazilərə, tikililərə mümkün qədər toxunulmasın. Bu, insanların mülkiyyət hüququnun yaranması və qorunmasında da xüsusi əhəmiyyətə malikdir".
Hazırda regional inkişaf planı, həm də Bakının ərazidən istifadə planı üzərində işlər tamamlanıb. Aidiyyəti qurumlarla razılaşdırılaraq ictimai müzakirəyə çıxarılan plan təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunub. C.Qocayev qeyd edib ki, regional inkişaf planı müəyyən prosedurdan keçdikdən sonra təsdiqlənəcək. Bu ərəfədə ayrı-ayrı ərazilərin müfəssəl planı da işlənib hazırlanacaq. Yeni qanunvericiliyə görə, müfəssəl planın sifarişçisi yerli icra hakimiyyəti orqanları və bələdiyyələr olacaq. Bu planları isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yəni bu sahənin peşəkarları təsdiqləyəcəklər. Müfəssəl planın yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən sifariş olunması, eyni zamanda, yerlərdə təşəbbüskarlığı da təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB