Qərib Məmmədov Baş Assambleyanın müzakirələrində iştirak edib FOTO

Qərib Məmmədov Baş Assambleyanın müzakirələrində iştirak edib FOTO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov "Eurogeographics" təşkilatının Baş Assambleyasında müasir xəritəçəkmənin inkişaf tendensiyaları ilə bağlı müzakirələrdə iştirak edib.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin başlıca prioritetlərindən biri Azərbaycan Respublikasının iqtisadiyyatının müxtəlif sahələrində Avropanın qabaqcıl təcrübəsinin öyrənilib tətbiq edilməsidir. Bu səbəbdən ölkəmizdə torpaq, geodeziya və kartoqrafiya sahələri üzrə məsul dövlət orqanı kimi müəyyənləşdirilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də öz fəaliyyət istiqamətlərində Avropa ölkələri ilə əməkdaşlığı genişləndirir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin razılığına əsasən Avropada milli xəritəçəkmə və kadastr agentliklərinin assosiasiyası olan "EuroGeographics"-in fəaliyyət istiqamətinə Azərbaycan Respublikasında yeganə dövlət orqanı kimi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqaməti uyğun olduğundan, komitə adıçəkilən assosiasiyada ölkəmizi təmsil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi "EuroGeographics"-in Baş Assambleyalarında, eləcə də biliklər mübadiləsi şəbəkələrinin iclaslarında yaxından işirak edir.

Təşkilatın növbəti Baş Assambleyası 28-30 sentyabr 2014-cü il tarixlərində Moldova Respublikasında keçirilir. Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə tərkibinə komitənin Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev, Abşeron rayon şöbəsinin müdiri Mübariz Vəliyev və Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov da daxildir.

Budəfəki Plenar iclasın gündəliyi olduqca zəngindir. Belə ki, 46 Avropa ölkəsini təmsil edən, 61 təşkilatı özündə birləşdirən Eurogeographics assosiasiyası qurumun İdarəetmə Şurasının illik hesabatı, Şuraya yeni üzvlərin seçilməsi, 2015-ci il üçün fəaliyyət planı və büdcə kimi cari məsələlərlə yanaşı, bir sıra konseptual problemlərə də xüsusi yer ayırıb. Bunlardan kadastr məsələlərinin gələcəyinə cəmiyyətin təsiri, Avropa Məkan Platformasının milli xəritəçəkmə və kadastr təşkilatları üçün üstünlükləri kimi qlobal mövzuları xüsusilə qeyd etmək lazımdır. Dəyirmi masa ətrafında Avropa ölkələrinin müvafiq qurumlarının rəhbərləri milli xəritəçəkmə qurumlarının rolunun geoməkan informasiyasının brokeri olaraq təsbit edilməsi, böyük verilənlər inqilabı, yeni texnologiyaların milli xəritəçəkmə və kadastr təşkilatlarına təsiri və gələcəyin kadastrı mövzularında geniş müzakirələr aparırlar. Onların çatdırmaq istədikləri başlıca mesajlar aşağıdakılardır:

- Cəmiyyətin gözləntiləri dəyişmişdir, xəritəçəkmə qurumları da onlara cavab olaraq dəyişməlidirlər;

- Avropa Məkan Platforması milli geodeziya istinad məlumatlarına və xidmətlərinə vahid nöqtədən əlçatanlığın təmin olunması tələbinə assosiasiya üzvlərinin cavabıdır;

- Maliyyə, texniki və təşkilatı dəyişikliklər milli xəritəçəkmə və kadastr təşkilatları üçün yeni imkanlar yaradır.

Birləşmiş Krallığın xəritəçəkmə xidmətinin keçmiş rəhbəri doktor Vanessa Lourensin "milli kadastr, torpaq reyestri və xəritəçəkmə fəaliyyətləri Avropanın gələcəyində" mövzusunda çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, 3 dekabr 2013-cü ildə Avropa Parlamentində Avropa Məkan Platformasının təqdimatına həsr olunmuş "Gələcək üçün xəritələr" adlı tədbirdə iştirak edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Avropanın milli xəritəçəkmə, kadastr və torpaq qeydiyyatı qurumlarının fəaliyyəti mövzusunda sözügüdən parlamentin üzvləri ilə bir sıra müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə