Jurnalistlər üçün ingilis dili kursu

Jurnalistlər üçün ingilis dili kursu

Bu il daha 48 jurnalist "Azercell"in ingilis dili kurslarına qatıldı

Hər zaman media ilə əməkdaşlığa böyük önəm verən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom-un jurnalistlər üçün təşkil etdiyi kursları bu il də davam edir. SİA-nın xəbərinə görə, 2006-cı ildən etibarən İnkişafı Paylaşmaq Platforması çərçivəsində Azercell jurnalistlər üçün müxtəlif peşəkar və xarici dil kursları təşkil edir.

Tədbirdə çıxış edən Azercell şirkətinin korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya bildirib ki, uğurla davam etdirilən layihədə iştirak etmək üçün bu il Kaspi Təhsil Şirkətində peşəkar müəllimlər tərəfindən aparılan dərslərə 48 jurnalist qatılıb. Şirkətin təşkil etdiyi ingilis dili kursları hər il 6 ay davam edir. Dərslər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilir, mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılır.

Daha sonra Kaspi Təhsil Şirkətinin direktoru Elnur Əliyev deyib ki, kursların məqsədi azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dili mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir. O həmçinin deyib ki, ingilis dilini öyrənməklə yanaşı kurslarda fəal iştirak edən daha 2 jurnalist hər il Azercell tərəfindən Londona 2 həftəlik ingilis dili kurslarına göndərilir. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, eləcə də beynəlxalq əlaqələrin gücləndirilməsinə yardım edir.

Azercell şirkəti sabahdan jurnalistlər üçün növbəti qeydiyyat mərhələsinə start verir. Belə ki, sentyabrın 30-dan oktyabrın 15-dək sənəd qəbulu olacaq. İstənilən media nümayəndəsi işdən arayış almaqla Kaspi Təhsil Şirkətinin baş ofisinə yaxınlaşa bilər. Kurslar oktyabrın 20-dən etibarən başlayacaq və 6 ay davam edəcək.

Xatırladaq ki, Azercell Telekom MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı- Mediacell-i hazırlayıb.

Qeyd edək ki, Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TellaSonera şirkətlər qrupunun bir hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə