"Putyovka vasitəsi ilə istirahətə gedənlərin sayı 15 faiz artıb" Açıqlama

"Putyovka vasitəsi ilə istirahətə gedənlərin sayı 15 faiz artıb" Açıqlama

"Ölkədə putyovka vasitəsi ilə istirahətə gedənlərin sayında artım müşahidə olunur. Belə ki, bu günə qədər Azərbaycan üzrə bütün həmkarlar ittifaqlarının təşəbbüsü ilə 100 mindən artıq insan bu xidmətdən istifadə edib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, bu həm AHİK-in, həm də yerli həmkarlar təşkilatların vəsaiti hesabına baş tutub: "Ötən illə müqayisədə putyovka vasitəsi ilə istirahətə gedənlərin sayında 15 faiz artım müşahidə olunub.

Sanatoriyalarda qiymətlərə toxunan sədr deyib ki, ölkədəki sanatoriyaların qiymətləri sabit olaraq qalır: "Özəl sektorda fəaliyyət göstərən istirahət mərkəzlərinin qiymətlərini isə özləri təyin edirlər. Buna görə də onların təyin etdiyi qiymətlərə qarışa bilmərik. Lakin onların təklif etdikləri qiymətlərə AHİK-də baxılır, baha olan yerlərlə danışıqlar aparılır və nəticədə bir neçə yerlərdə qiymətlərin aşağı salınmasına nail olunur. Bundan sonra isə həmin şirkətlərlə müqavilələr imzalanır".

AHİK sədri onu da qeyd edib ki, əvvəllər 4-5 şirkətlə danışıqlar aparıldı, lakin təklif etdikləri qiymətlər bizi qane etmədiyindən razılıq əldə olunmurdu: "Müəyyən müddətdən sonra həmin şirkətlər fikirləşdikdən sonra qiymətləri aşağı salırdılar. Ancaq bundan sonra onlarla 100-150 minlik dəəyində müqavilələr imzalanırdı. Bir sözlə, bir sıra şirkətlər həmkarlar təşkilatının irəli sürdüyü qiymətlərlə razılaşırlar".

Ölkədə 387 minə yaxın təhsil işçisinin və onların hamısına putyovka verməyin mümkünsüz olduğunu deyən S. Mehbalıyev deyib ki, sayın çox olması ilk növbədə təhsil işçilərinin yerləşdirilməsində çətinlik yaradar: "Bu qədər vəsaiti haradan tapmaq olar? Həmkarlar təşkilatı bu günə qədər 6500-ə yaxın təhsil işçilərini istirahətə göndərib. Bəzən olur ki, müəllimlər 4 nəfərlik ailə üzvləri istirahətə gedir. Buna görə də bütün müəllimləri istirahətə göndərmək müşkül məsələdir. Ona görə də proses ancaq növbəlilik prinsipi əsasında həyata keçirilə bilər. Tərəfimizdən ayrılan sanatoriya putyovkalarını bölgü ilə sahə həmkarlar təşkilatlarına yollayırıq. Onlar da öz növbəsində bölgünü özlərinin rayon komitələrinə verirlər. Əsas məqsəd yerlərdə düzgün uçotun aparılmasıdır. Təəssüf ki, bəzi məktəb və universitetlərdə kiməsə məktub yazıb şantaj edənlər bu xidmətdən yararlana bilir, ancaq digərləri yararlana bilmir. Müəllim var ki, 10 ildir dalbadal istirahətə gedə bilir, eləsi də var ki hələ bu hüququndan istifadə edə bilmir. Həm həmkarlar təşkilatını həm də yuxarı orqanları şantaj edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə