Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilib. Təbii ki, bu cür uğurlara aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində nail olunub. Demək olar ki, Azərbaycan əhalisinin yaşayış durumu hər ötən ilə nisbətən daha da yaxşılaşır. İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitlər yaradılır. Quruculuq-abadlıq işləri, yeni parkların, xiyabanların salınması, yolların çəkilməsi ardıcıl xarakter daşıyır. Bu işlərin sürətləndirilməsi üçün yerli qurumlar da öz fəallıqları ilə seçilirlər. Xüsusilə də, bu istiqamətdə bələdiyyələrin fəaliyyəti daha çox diqqəti cəlb edəndir. Nəzərə almaq lazımdır ki, bələdiyyələr haqqında qanuna görə, bələdiyyələr yerli-sosial iqtisadi və sosial proqramları hazırlayıb həyata keçirə bilərlər. Bu istiqamətdə uğurlu nailiyyətlər əldə edən bələdiyyələr də var. Amma təəssüf hissi ilə onu da bildirmək lazımdır ki, bəzi bələdiyyələr qanunvericilikdə nəzərdə tutulan müddəaları heç də yerinə yetirmirlər. Bu da haqlı olaraq bələdiyyələrə əhalinin inamının azalmasına gətirib çıxarır.
Binəqədililərin dərdli, sözlü-söhbətli yaşayışı
Milli Məclisə təqdim edilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il illik məruzədə ədliyyə nazirinin müavini Vilayət Zahidovun qeyd etdiyinə görə, 2013-cü ildə 25 bələdiyyə ilə bağlı cinayət işi prokurorluğa göndərilib: "Keçən iş prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi qaldırılıb. Onlardan 3-ü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə artıq ittiham hökmü çıxarılıb".
Sərt cəzaların tətbiq edilməsinə baxmayaraq, bəzi icra nümayəndələri hələ də qanunsuz əməllərlə məşğul olurlar. Belələrindən biri də Binəqədi rayon icra hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə icra nümayəndəsidir. Bu barədə Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 2 ünvanda yaşayan Gülnarə Həsrətova, Qadir Heydərov, Əhliman Hümbətov, Sevda Müseyibova, Qardaşxan Əliyev və ümumilikdə 45 nəfərin imzası ilə redaksiyamıza ünvanlanan şikayət məktubunda qeyd olunur. Şikayətçilər bildirirlər ki, yaşadıqları məhəllənin su-kanalizasiya problemləri mövcuddur. Yolsuzluq səbəbindən uşaqları məktəbə gedib-gəlməkdə ciddi problemlərlə üzləşirlər: "İcra nümayəndəsinin dağıdıcı hərəkətləri üzündən məhəllədə normal həyat yaşamaq üçün şərait yoxdur. Su verilmir, veriləndə isə gecələr saat 3-4 radələrində verilir. Təzyiq o qədər aşağı olur ki, sakinlərin çoxu su sürprizdən sevinə bilmir".
Şikayətçilərin yazdığına görə, verilən suyun keyfiyyəti ölkədə qəbul edilən standartlara cavab vermir. Həyat üçün təhlükə mənbəyidir: "Elektrik enerjisinin təminatında ciddi problemlər mövcuddur. İşıqlar-tez-tez sönür. Bununla evlərdə olan məişət avadanlıqları sıradan çıxır ki, bu da böyük məbləğdə maddi ziyanın vurulması deməkdir".
Zibilin vaxtlı-vaxtında yığılmadığını qeyd edən şikayətçilər vurğulayırlar ki, zibilin təmizlənməməsi məhəllədə anti-sanitariya vəziyyəti yaradır ki, sonda bu cür vəziyyət xəstəliklərin yaranmasına yol açır: "Dəfələrlə mövcud problemlərin acınacaqlı olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə şikayət etmişik. Bir neçə dəfə qəsəbə icra nümayəndəsi Elxan Əliyevin yanında olmuşuq. Təəssüf ki, onlar bizə quru vədlərdən başqa heç nə verməyiblər".
Məsələyə aidiyyatı yerli qurumların münasibətini öyrənməzdən əvvəl ekspert rəyini bilmək üçün Bələdiyyələrin Fəaliyyətinin Təbliği Təşkilatının sədri Vüqar Tofiqli ilə söhbət etdik. Təşkilat sədri bildirdi ki, həqiqətən də, bələdiyyələrlə bağlı əhali arasında ciddi narazılıq mövcuddur: "Bələdiyyələrin ancaq torpaq satışı ilə məşğul olması qüsurlardandır. Qanunsuzluğun qarşısının alınması üçün dövlət strukturları ciddi tədbirlər görməlidir".
V.Tofiqlinin sözlərinə görə, əhalinin bələdiyyələrə inamının azalmasının başlıca səbəbi kadrların bələdiyyə idarəçiliyi ilə bağlı potensiallarının olmamasıdır.
Binəqədi rayonu ilə bağlı şikayətlərin sayının daha çox olduğunu nəzərə alaraq mövcud problemlərin səbəbləri ilə bağlı araşdırmalar aparmaq məcburiyyətində qaldıq. Məlum oldu ki, yazılanlar və deyilənlərin böyük əksəriyyəti reallığı əks etdirir. Həqiqətən də Binəqədi rayon Binəqədi qəsəbə icra nümayəndəsi Elxan Əliyev "burda mənəm, Bağdadda kor Xəlifə" deyir. İnsanların şikayətləri, haqlı sualları onları əsla maraqlandırmır. İşi və əsas fəaliyyəti əlinə düşən fürsətdən yararlanmaqla daha çox maliyyə vəsaiti əldə etməkdir.
Binəqədidə yurd salmaq, ev tikmək "razılıq" əsasında mümkündür
Balıq başdan iylənər prinsipindən uzaq olub Binəqədi rayon icra hakimiyyətinə irad bildirmək istəməsək də, faktlar və insanların çoxsaylı şikayətlərə görə susmağa məcbur olursan. Bəlli olur ki, Binəqədidə insanların üzləşdikləri bir sıra problemlə yanaşı, tikinti çətinlikləri də ağrılı məsələyə çevrilib. Ümumilikdə Binəqədi rayonunda insanların özlərinə ev tikməsi qeyri-mümkündür. Yalnız o halda mümkündür ki, Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri, insanların "vor zakon" adlandırdıqları Ədalət Rəcəbovu razı salasan. Ədalət Rəcəbov da o qədər qansız, eləcə də daş qəlblidir ki, onu razı salmaq çox çətindir. Uzun süründürməçilikdən, insanları sındırıb əzdikdən sonra Ə.Rəcəbov "get icra nümayəndəliyindəki ştatdankənar nümayəndələrə pul ödə və get evini tik". Bəzən Ə.Rəcəbov o qədər insafsız olur ki, sanki kimsə vəsiyyət edibmiş kimi söylədiyi məbləğdən bir manat da düşmür. Etiraz edəndə, narazılığını bildirib məbləği azaltmağını xahiş etdikdə, "yekələrimiz bilsə məni ayağımdan asarlar, dərinə getmə, get məbləği ödə" deyir. Əgər deyilən məbləğ ölənilməsə Ə.Rəcəbovun hazırlamış qoçu dəstəsi polis idarəsinin Arif adlı əməkdaşının rəhbərliyi ilə (20-yə yaxın polis) vətəndaşın evinə basqın edib tikilinin altını üstünə çevirirlər. Bu halda nə etmək olar ki? Təpədən dırnağa qədər silahlanmış qolu zorlu, boynu yoğun qoçu dəstəsinə etiraz etməkmi olar. Səsini qaldırsan, əl-qol atsan canın Binəqədi rayon Polis İdarəsində çürüyəcək. Qısası, bu halda vətəndaş tam hüquqsuz vəziyyətdə olur. Halbuki şəhərsalma və tikinti məcəlləsinin 80-ci maddəsinə görə vətəndaş 12 metr hündürlüyə qədər ev tikərsə bunun üçün hər hansı sənəd tələb olunmur. Tikilinin sökülməsi qanuna görə icra hakimiyyətlərinin səlahiyyətinə aid deyil. Yalnız məhkəmə qərarı ilə evin sökülməsinə nail olmaq mümkündür. Binəqədi rayon icra hakimiyyətinin qoluzorlularının başçısı Ə.Rəcəbov üçünsə bu prinsiplər tamamilə qəbul edilməzdir. Onun üçün ancaq böyük rəislərinin tapşırıqlarına əsasən insanlardan reketçilik yolu ilə pul qoparmaqdır.
Fakta görə qəsəbənin 4800 kv.m məhəlləarası yolları təmir olunmalı idi. Yerli sakinlərin qeyd etdiyinə görə, Binəqədi-Novxanı yolu istisna olmaqla məhəlləarası yollara asfalt örtüyü salınmayıb. Bu halda sual yaranır: ayrılan vəsaitin aqibəti necə olub və ya Binaqədi rayon icra hakimiyyəti dövlətin büdcəsindən ayrılan vəsaitin taleyi ilə niyə maraqlanmayıb? Öyrənə bildik ki, Binəqədi rayon icra hakimiyyətindən fərqli olaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində məsələdən məlumatlıdırlar. Bu barədə isə növbəti sayımızda. Diqqət çəkən, həm də maraqlı məqam ondan ibarətdir ki, 90 minə yaxın əhalisi olan Binəqədi qəsəbəsində bir dənə də olsun park, istirahət mərkəzi yoxdur. Əvəzində Ədalət Rəcəbovun və onun Binəqədi qəsəbə icra nümayəndəliyində oturan qoçu dəstəsinin ətraf ərazilərdə ümumilikdə 30-a yaxın dükan, kafe və restoranları fəaliyyət göstərir. Bütün bunlar barədə daha ətraflı növbəti sayımızda. Sonda isə maraqlı bir məsələni də qeyd edim ki, Binəqədi rayon icra hakimiyyətinin qarşısında müxtəlif markalı çoxsaylı bahalı maşınlar arasında ağ rəngli "Niva" markalı maşınların sayının daha çox olması diqqətə səbəb olur. Əcaba, bu, nə deməkdir? Niyə məhz "Niva" markalı maşınları? Oxucularımız üçün də maraqlı olacağını nəzərə aldığımızdan bu suala növbəti sayımızda cavab tapmağa çalışacağıq.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB