Bu gün yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə, eləcə də Bakı şəhərinin məktəbliləri arasında keçirilən fənn olimpiadasının qalibi olan şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən İttifaqın sədri Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.
O, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib və bu istiqamətdə həyata keçirilən tədbirləri sadalayaraq bildirib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür.
S. Mehbalıyev onu da qeyd edib ki, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı addımlar atılır: "Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur. Təkcə 2013-2014-cü tədris ilində Komitə tərəfindən bu işin təşkili ilə bağlı 55 500 manat vəsait ayrılıb".
Tədbirin davamında yay imthaan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (60 nəfər) və Bakı şəhərinin məktəbliləri arasında keçirilən fənn olimpiadasının qalibi olan şagirdlərə (20 nəfər) Komitənin adlı təqaüdü təqdim edilib.
Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədi ilə 1995-ci ildə adıçəkilən təqaüd təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə edən 1700 nəfərdən artıq tələbə bu təqaüddən yararlanıb. 2013-2014-cü tədris ilində qış və yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə 36 min manat məbləğində təqaüd ödənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB